Ermənilərə güclü kəşfiyyat zərbələri vurulacaq?!

18 İyul 2014 08:42 (UTC+04:00)

Ermənilər tərəfindən girov götürülən Kəlbəcər sakinləri Dilqəm Əhmədov, Şahbaz Quliyev kimi igidlərin bundan əvvəl dəfələrlə Ermənistanın işğal etdiyi torpaqlarımıza rahat şəkildə keçmələri sübut edir ki, düşmən tutuduğu ərazilərə heç də güclü nəzarət etmir. Enyi zamanda bir daha bəlli olur ki, düşmənin arxa cəbhəsində çox asan kəşfiyyat əməliyyatları həyata keçirmək mümkündür. Qeyd edək ki, haqqında söhbət açdığımız bu vətəndaşlarımız ermənilərin əlinə keçsə də, əvvəlki illərdə də rahat formada təmas xəttini keçərək, işğal olunmuş torpaqlara səyahət edə biliblər. Hətta onlar bu səyahətlərinin videogörüntülərini internet portallarda da yerləşdirib. Belə vəziyyət Ermənistan ordusunun çox dağınıq və peşəkarlıqdan uzaq olmasına daha bir nümunədir. Onlar sıravi insanların həmin torpaqlarda sərbəst hərəkətindən belə bu günə qədər xəbərsiz olub. Belə olan halda, aydın məsələdir ki, ermənilər güclənmiş Azərbaycan Ordusu qarşısında ümumiyyətlə, tab gətirə bilməyəcək.

Görəsən, bu fonda belə kəşfiyyat əməliyyatlarını intensivləşdirərək, ermənilərə daha çox və daha ciddi zərbələr vurmaq olarmı?

Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu faktın özü cəmiyyət üçün çox ruhlandırıcı haldır: "Kəlbəcərə doğma torpaqlarına baş çəkməyə gedən və bu zaman erməni vəhşiliyinə tuş gələn soydaşlarımızın yaydığı videoya baxmışam. Burada maraqlı bir məqam var. Onlar hərbçilərə müraciət edərək belə bir söz işlədiblər ki, buraların nə qədər gözəl yerlər olduğunu gəlin, görün. Bu cümlənin açmasına nəzər yetirdikdə, burada dərin mənanın olduğu üzə çıxır. Yəni erməni danışdığı qədər qüdrətə sahib deyil. Əlində silah olmayan mülki vətəndaş işğal olunmuş ərazilərimizə çox sərbəst şəkildə gedib-gələrək, öz ata-baba ocaqlarını ziyarət edirsə, Azərbaycanın hazırlıqlı xüsusi təyinatlıları, hərbi kəşfiyyatçıları asanlıqla düşmən arxasına keçib, onlara lazımi zərbəni də vura bilərlər. Birinci Qarabağ savaşı zamanı Füzuli istiqamətində xidmət etdiyim hərbi hissənin böyük uğurlarından da biri o idi ki, düşmən arxasına hazırda ehtiyatda olan polkovnik-leytenant Tariyel Qəhrəmənovun rəhbərliyi altında xeyli insanları keçirmişdik və onlar düşmənə sarsıdıcı zərbələr endirə bildilər. Hansı ki, bu zərbələr nəticəsində düşmənin məğlubiyyətinə əsas qoyduq. Hesab edirəm ki, bu məsələyə geniş yanaşmaq lazımdır. Adi Azərbaycan vətəndaşının öz ata-baba yurduna keçməsi kimi yanaşmaq gərək deyil. Bu faktın özü cəmiyyət üçün kifayət qədər ruhlandırıcı rol oynaya bilər".

Digər ekspert Emin Həsənli də qeyd etdi ki, erməniləri tutulduqları xəstəlikdən sağaltmağın yolu Azərbaycan əsgərinin qılıncından keçir: "Ermənistanda ordu yoxdur, quldur dəstəsidir. Bu quldur dəstəsinə də Köçəryan, Sarkisyan, Ohanyan kimi başıpozuqlular rəhbərlik edir. Bu başıpozuqluların Xocalıda əlləri azərbaycanlı qanına batıb. Ermənistan ordusu heç bir hərb elmi əsasında qurulmayıb. Onlar ayrı-ayrı dəstələrdən ibarətdir ki, rəhbərləri də qiyamçılardır. Bu ölkənin hansı dövlətin nəzarətində olduğunu da bilirsiniz. Rusiya və dünyadan onlara dəstək olunmasına baxmayaraq, Ermənistanın elə bir güclü iqtisadiyyatı yoxdur ki, ordu yarada bilsin. Ermənistanın ümumiyyətlə, müstəqilliyindən söhbət gedə bilməz. Ona görə işğal olunmuş ərazilərdə məskunlaşma da o səviyyədə deyil. Buna cəhdlər edilir, Suriya və digər yerlərdən əhalini dəvət edirlər. Lakin bunlar da alınmır. Azərbaycanın işğal altında qalan torpaqları başdan-başa boşdur. Kadrlar sübut edir ki, insanlarımız öz dədə-baba yurdlarına rahat şəkildə gedib gəlir, oralarda kilometrlərlə məsafəni gəzirlər. Soydaşlarımız öz torpaqlarına getdiyindən bu, onların haqqıdır. Bu insanların doğma el-obalarında yaşamaq hüququ ermənilər tərəfindən işğal olunub. İşğal olunmuş torpaqlar BMT və dünya dövlətləri tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Soydaşlarımızın silahsız işğal olunmuş torpaqlara rahat şəkildə getməsi və Mübariz İbrahimovun qəhrəmanlığı, ermənilərin kəşfiyyat diversiya qrupunun dəfələrlə məhv edilməsi kimi hallar göstərir ki, Ermənistan işğal olunmuş torpaqlarda qalası deyil. Buna Ermənistanın iqtisadi, insan resursu, ordusunun gücü baxımından imkanları çatmır, bu, onların gücü xaricindədir. Sadəcə, ağılsız bir rejimin sərsəm xəstəliyi ucbatından işğal olunmuş torpaqlarımızı hələlik saxlayıblar. Onları bu xəstəlikdən sağaltmağın da bir yolu var. Onları sağaltmağın yolu Azərbaycan əsgərinin qılıncından, silahından keçir. Soydaşlarımızın sərbəst şəkildə işğal olunmuş torpaqlara gedib-gəlməsi hadisəsi onlara psixoloji cəhətdən o qədər təsir edib ki, hələ də özlərinə gələ bilmirlər. Yerli əhalini aldadırlar ki, guya onlar kəşfiyyat-diversiya qrupudur. Əliyalın, silahsız insanlardan diversiya qrupu olur? Başqa bir tərəfdən, kəşfiyyat qrupu düşmən arxasında çəkib gətirdiyini internet saytlarda yerləşdirməz axı. Heç bir təlim görməyən mülki insanlar öz dədə-baba torpaqlarına sərbəst gedirsə, peşəkar Azərbaycan əsgərinin düşməni asanlıqla məhv edəcəyinə şübhə belə ola bilməz. Bunu Mübariz İbrahimov da sübut etdi. Azərbaycan ictimaiyyəti soydaşlarımızın işğal olunmuş torpaqlara getməsini qələbə kimi təqdim edir. Baxmayaraq ki, onlar orada tutulub, lakin qürurlarını saxlayırlar. Deməli, ermənilər üzərində psixoloji üstünlüyümüz də var. Bunun özü də bir mesajdır ki, torpaqlarımıza gedəcəyik. Bu da qısa bir zamanda baş verəcək. Son dövrün hadisələri onu göstərir ki, Ermənistan müharibənin birinci hissəsində qalib deyil, məğlub olub. Nəticələr bunu göstərir. İşğal etdiyi əraziləri rəsmiləşdirə, məskunlaşdıra, problemi sülhlə yekunlaşdıra, regionda dövlət olaraq inkişaf edə, müstəqilliklərini qoruya bilmirlərsə, bu işğalın da heç bir nəticəsi yoxdur. Azərbaycan isə inkişaf edir, müstəqilliyini də qoruyur. Ölkəmizin hazırda torpaqları işğaldan azad etməyə tam qadir qüdrətli ordusu var. Azərbaycan ordusu bütün sahələrdə, o cümlədən kəşfiyyat baxımından da güclüdür. Hesab edirəm ki, qarşıya tapşırıq qoyularsa, ordumuz onu hər zaman yerinə yetirmək gücündədir. Ermənistan ordusu isə başıpozuq dəstələrdən ibarətdir. Nizami ordu olmadığından onlar əmrlə idarə olunmur. Azərbaycan Ordusu isə nizami ordu olaraq, hər şeyin , ölçülüb, biçilmiş və komanda əsasında idarə olunduğu dünyanın nümunəvi ordularından biridir. Biz atəşkəsi bir dəfə pozacağıq, bir dəfə kəşfiyyat əməliyyatlarına əl atacağıq, onda da torpaqlarımızı işğaldan azad edəcəyik".