Məktəb direktoru zorlamada ittiham edildi

17 İyul 2014 19:21 (UTC+04:00)

Azərbaycanda məktəb direktoru 18 yaşlı qızı zorlamada ittiham edilir. Hadisənin İsmayıllı rayonu Kürdmaşı kəndində baş verdiyi bildirilir. Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinin direktorudur. O, kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır.  Məsələyə aydınlıq gətirmək üçün rayon polis şöbəsilə əlaqə saxladıq. Şöbədən ANS PRESS-ə bildirilib ki, onlara zorlama hadisəsi ilə bağlı şikayət daxil olmayıb və deyilənlərin hamısı yalandır. Rayon icra başçısının birinci müavini Rövşən Ağayev də ANS PRESS-ə açıqlamasında deyilənlərin uydurma olduğunu bildirib. "Ümumiyyətlə 18 yaşlı qızı zorlamaqda ittiham olunan Zahid Namazov ağlı başında olan, tərbiyəli bir insandır".


Adı hadisədə hallanan direktor da deyilənlərlə razı deyil. Xudu Məmmədov adına 30 saylı orta məktəbin direktoru Zahid Namazovun şayiələrin qaynağını ANS PRESS-ə açıqlayıb. 


Məktəb direktorunun sözlərinə görə, 18 yaşlı Aytən Babayeva (ad şərtidir) ilə eyni kənddə yaşayır və qonşuluqda yaşayan qızla münasiəti yaxşı olub: "Həmin qız bizim şagird olmayıb. O, 2 saylı kənd orta məktəbinin məzunudur. Həmin məktəb bizim məktəblə eyni həyətdə yerləşir. Hər gün salamlaşmışıq. Ata-bala, müəllim-şagird münasibətimiz olub. Qız məktəbi 2 ildir əvvəll bitirib".


Zahid Namazov deyir ki, qız bir neçə gün əvvəl sevmədiyi bir oğlana nişanlanıb və buna etiraz əlaməti olaraq kənddən qaçıb.


"Bir neçə vaxt bundan əvvəl həmin qız mənə zəng vurdu və bildirdi ki, məni məcburi olaraq tanımadığım bir nəfərə ərə verirlər. Atam yoxdur, mənə ata əvəzi məsləhət verin. Mən indi Bakıdayam və o insana ərə getmək istəmirəm. Başqasını sevirəm".


Direktor da öz növbəsində evdən qaçan qıza yardım əlini uzadıb və onu himayə etmək üçün paytaxta yaşayan qohumlarına müraciət edib. "Mənim "20 yanvar" metrosu yaxınlığında qaynım yaşayır. Məcburi köçkündürlər, normal ailədir. Onlarla əlaqə saxladım və qıza kömək etdilər. Qız bir gün Bakıda qaldı. Ailə isə nigaran qaldığı üçün polisə məlumat verib". 


Qızlarının itmədiyini öyrənən ailə sonradan polisə heç bir problem olmadığı barədə məlumat verib. Ailəsinin iştirakı ilə qız polisdə ifadə verib və bildirib ki, çətin vaxtlarda Zahid müəllim köməyinə çatıb.


Zahid Namazov özü barəsində belə iyrənc şayiələrin düşmənləri tərəfindən yayıldığını deyir. "Məsələ sırf mənim rəhbərlik etdiyim məktəblə bağlıdır. Bizim məktəb həmişə uğurlar qazanıb, Təhsil Nazirliyində, rayon icra hakimiyyətində qabaqcıl yerlərdə olub. Bizim uğurlarımızı da bəzi insanları narahat edir. Bu səbəbdən mənə dəfələrlə müxtəlif böhtanlar atılıb. Amma indiyə qədər mənə belə iyrənc şər atılmamışdı".


Direktor əlavə edib ki, ona şər atılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.


Xatırladaq ki, bu gün bəzi kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktorunun 18 yaşlı qızı zorlaması barədə məlumatlar yayılıb.


Məlumata görə, guya Ağdam qaçqını olan direktorla gənc qızın arasında intim münasibətləri olub və direktor qızı zorlayıb. Bundan da hiddətlənən kənd sakinləri İsmayıllı rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. Kənd sakinləri məktəb direktorunu qovmaq istəyirlər.