Xaricdən gətrilən ağaclar rayonlarda da geniş yayılmağa başlayır

18 İyul 2014 11:52 (UTC+04:00)

Artıq yerli ağaclar əvəzinə xaricdən gətiriliən bitkilərin əkilməsi halı təkcə paytaxt Bakıda deyil,  ayrı-ayrı rayonlarda da geniş yayılmaqdadır. Halbuki, kifayət qədər zəngin olan bitki örtüyümüzün, yerli ağacların inkişafı üçün rayonlarda daha münbit, məhsuldar torpaqlar var. Məsələ dəfələrlə gündəmə gətirilib. Lakin görünən odur ki, xaricdən gətrilən ağacların populyarlıq qazanması Azərbaycan yerli florasını ikinci plana ata  bilər. 

Ekoloq Telman Zeynalov bildirir ki, hal belə davam edərsə, Azərbaycan təbiətinə ciddi zərər dəyə bilər. Ekoloq Movqe.az-a açıqlamasında bildirib ki, əvvəllər ağaclar xaricdən birbaşa gətirilirdisə, indi həm də bitkilərin toxumları özümüzdə əkilib böyüdülür: "Məsələn, palma ağacını çoxdan ölkəmizə gətirmişik deyə, artıq bizim iqlimə alışıb. Amma əgər həmin ağac birbaşa xaricdən gətirilsə, həm baha olar, ikinci tərəfdən də bu bitkilərin üzərində çox müxtəlif zərərverici həşəratların yumurtaları, həm də müxtəlif xəstəliklərin, epidemiyaların daşıyıcısı ola bilər.  Artıq ölkə Prezidenti yaşıllıqların müdafiəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, xarici şitillərin Azərbaycanda əkilməsi  qadağandır. Onun əvəzinə öz şitillərimizdən müxtəlif məqsədlərlə istifadə oluna bilər. Məqsəd odur ki, bizim pullarımız xarici iqtisadiyyatı inkişaf etdirməsin, özümüzə qalsın".

"Eko-Aləm" ictimai birliyinin rəhbəri Sevil Yüzbaşıyeva da yerli ağaclar əvəzinə xaricdən gətirilmə ağacların əkilməsinin əleyhinə olanlardandır. Ekoloq Movqe.az-a açıqlamasında bildirib ki,  bu tendensiyanın genişlənməsi ciddi problemlərə səbəb ola bilər: "Belə ki, hər bir ölkənin öz iqlim şəraiti var. İqlim şəraiti ölkənin özünəməxsus biomüxtəlifliyini yaradır. Əgər iqlim şəraitinə xaricdən gətirilən ağaclar uyğun olsaydı, onlar elə bizdə də bitərdi. Başqa iqlimə, başqa torpaq şəraitinə uyğun ağacı gətirib bizdə əkmək hesab edirəm ki, bütövlükdə səhv siyasətdir. Onsuz da indi dünyada qlobal iqlim dəyişikliyi gedir. Bitki örtüyünün belə intensiv surətdə dəyişdirilməsi iqlimin dəyişməsini sürətləndirir. Mən düşünürəm ki, bu, böyük yanlışlıqdır. Bizim kifayət qədər zəngin bitkilərimiz var. Hər regionun da öz iqliminə uyğun bitkiləri var. Məsələn, Abşeron rayonunda bilirik ki, susuzluq problemi var.  Ona görə, burda elə ağaclar əkilməlidir ki, buna davamlı olsun, çox su tələb etməsin və tez inkişaf etsin. İndi milyonlarla xərc çəkilib bir-birindən gözəl parklar salınır, təmir olunur. Amma çətirli, qollu-budaqlı ağacları kəsib yerinə lazımsız ağaclar əkirlər. Orda gündüz vaxtı heç dincəlmək də olmur. Yalnız qaranlıq düşəndən sonra, kölgə olanda insanlar parklara üz tuta bilirlər. Baxırsan ki, küçə boyu kölgə yoxdur. İri ağacların budanması, kəsilməsi böyük, ağrılı bir problemdir". 

Sevil Yüzbaşıyeva bildirib ki, yerli olmayan ağaclar torpağın fiziki-kimyəvi tərkibini dəyişdirə bilər: "Nəzərə almaq lazımdır ki, yerli ağacların əvəzinə əkilən xarici bitkilərin  baxımı da xüsusi diqqət, artıq xərclər tələb edir. Bizə lazımdır ki,  yaşıl örtüyü çox olan ağaclar olsun. Görürsən ki, yerli ağacın əvəzinə gətirib palma əkirlər. Palma isti, qumluq ərazilərdə bitir. Onu gətirib bizim rayonların torpağına əkəndə bizim torpağımıza təsir edir.  Bizə lazımdır ki, torpağımızın kimyəvi-fiziki dəyişikliyə məruz qalsın? Biz bununla öz ənənəvi bitki örtüyümüzə təsir edirik. Əziyyətini də özümüz çəkəcəyik".  

Ekoloq hesab edir ki , problemə dövlət səviyyəsində yanaşılmalıdır: "Artıq Milli Məclisdə biomüxtəlifliklə bağlı qanun layihəsi də müzakirə olunub. Hesab edirəm ki, xarici ağacların əkilməsi ümumiyyətlə, qadağan olunmalıdır. Azərbaycanın hər bir bölgəsinin öz iqlimi var. Ona görə də hərəsinin bitki örtüyü var. Bunlara təsir etmək düzgün deyil. Niyə yapon gəlib bizdən palıd ağacı aparmır, amma biz gətiririk? Hansı ki inkişafı da problemli gedir, ətraf mühitə xeyri yoxdur. Boy atmır, yaşıl örtüyü də azdır. Ağacın  çətiri nə qədər böyük olarsa, o qədər yaxşıdır. Bunlar xüsusən də yol kənarlarında havanın təmizlənməsinə təsir etməlidir. Çünki magistral yollarda karbonun miqdarı yüksək olur. Onun ətrafında yaşıllıqlar çox olmalıdır ki, oksigen buraxsın. İndi böyük ağaclar kəsilib balaca şitillər əkilir. Amma onların inkişafı üçün 30-40 il gözləmək lazımdır ki, ətrafa xeyri olsun".