Maaş ve pensiyaların yenidən artımı gözlənir

19 İyul 2014 08:06 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti hələ də artmaqda davam edir. "Qara qızıl"ın qiymətinin artması isə hazırda dünyada gedən proseslərlə bağlıdır. Terrorçu qrup olan İŞİD-in İraqdakı məlum fəaliyyəti, Ukrayna hadisələri, habelə, əhalisinin sayı 1.5 milyarda çatan Çində,eləcə də Hindistanda baş verən iqtisadfi yüksəliş neftə tələbatı artırıb. Bu isə o demək olacaq ki, digər "qara qızıl" istehsalçıları kimi, Azərbaycanın da neftdən gələn gəlirləri çoxalacaq. Gəlirlərin artması isə hökumətə daha çox işlər görmək, investisiya miqdarını artırmağa imkan verir. Bu sıraya büdcədən ayrılan maaş və təqadülər, digər sosial müavinətlər də aid edilir. Qeyd edək ki, Azərbaycan hökuməti i sosialyönümlü siyasətə xüsusi diqqət yetirir və əhalinin maddi gəlirlərinin artmasını xüsusi həssaslıqla yanaşır. Bu fonda neftdən gələn gəlirlərin çoxalması fonunda yeni maaş və pensiya ratımına start verilməsi də istisna olunmur.

Ekspert Zəfər Vəliyev belə bir addımın atılmasının hökumətin yürütdüyü siyasətdən asılı olduğunu dedi. Amma eyni zamanda bildirdi ki, hazırkı məqamda əmək haqlarının artımı, investisiya xərclərinin çoxaldılması mümkün variantdır: "Bilirsiniz ki, artıq bir neçə gündür dünya bazarında neftin qiymətində artım tempi müşahidə olunur. Nyu-York qitələrarası əmtəə birjası, həm də London birjasında neftin qiymətinin bahaşalma səbəbi Çindəki iqtisadi atrımlarla bağlıdır. Bir neçə gündür ki, Çinin statistika departamentinin yaydığı hesabatdan, bu ölkədə ümumi daxili məhsulun artım tempinin son bir ayda 7,4-7,5 faiz olduğu görünür. Çindəki bu iqtisadi artım tempi dünya bazarlarında neftin qiymətinin artması ilə müşayiət olunur. Təbii ki, bu artım fonunda Azərbaycan neftinin gəlirləri də çoxalır. Belə olan halda investisiya xərclərinin çoxalması və əhalinin əmək haqlarının qaldırılması hökumətin yürüdəcəyi siyasətlə bağlı olacaq. Azərbaycan Dövlət Neft Fonduna əlavə neft dolları daxil olacaqsa, deməli, hökumətin sosial və investisiya sahəsində imkanları daha geniş olacaq. Bu baxımdan maaşların və büdcə investisiya xərclərinin artırılması imkanları mövcuddur. Belə bir imkan vardır. Azərbaycanın valyuta rezervləri də çoxdur və günü-gündən artır. Maliyyə imkanları da genişdir. Azərbaycan son zamanlar xarici donor təşkilatlarından elə də böyük kreditlər almır. Əksinə, Azərbaycan özü həm daxildə, həm də xaricdə geniş investisiya layihələri həyata keçirir. Bu mənada neftin qiymətinin dünya bazarında artımı fonunda Azərbaycanda əmək haqqının artırılması kimi sosial layihənin həyata keçirilməsi, həm də büdcə investisiya xərclərinin çoxaldılması istiqamətində müəyyən tədbirlər görülməsində problemlər yoxdur".

Xatırladaq ki, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə büdcədən maliyyələşən orqanlarda çalışanların, həmçinin dövlət qulluqçularının, başqa sözlə desək, 700 min nəfərin aylıq əməkhaqqlarının səviyyəsi 2013-cü ildə artırıldı. Bundan əvvəl, maaş və pensiyaların məbləğləri 2011-ci ilin ikinci yarısında birinci əmək pensiyalarından başlanılmaqla, həmin ilin noyabr və dekabr aylarından bir sıra sosial ödənişlər də daxil, bir sıra büdcə təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının orta hesabla 10 % yüksəldilməsi ilə artırılmışdı. Ümumiyyətlə, Azərbaycanda bu tendensiya 2009-cu il istisna olmaqla demək olar, hər il həyata keçirilib. 2008-ci ilin sentyabrında minimum əməkhaqqı və pensiya məbləğlərinin səviyyəsi 15, bundan 2 il sonra - 2010-cu ilin sentyabrdan isə 10 manat artırılmaqla, dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 % yüksəldilib. Cari il ərzində də analoji addımın atılması istisnalıq təşkil etmir. Lakin rəsmi səviyyədə bu xüsusda hələlik hansısa mövqe açıqlanmayıb.