ABŞ Zeynal Məmmədliyə vəzifə verdi

18 İyul 2014 18:00 (UTC+04:00)

"Azadlıq" radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb. Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədli əvəz edir. Məsələ ilə bağlı Z.Məmmədli movqe.az-a bildirib ki, hazırda "Azadlıq" radiosunda baş redaktor vəzifəsində işləyir. Radionun saytında Bakı ofisinin koordinatoru kimi Babək Bəkirin adı göstərilir. Zeynal Məmmədlinin də məhz bu vəzifəyə təyin olduğu bildirilir. O da qeyd edilir ki, Babək Bəkir faktiki olaraq səlahiyyətlərinin icrasından bir neçə ay əvvəl kənarlaşdırılıb. Azadlıq radiosunun saytında struktur haqqında məlumat verilmədiyindən, həm baş redaktor, həm də koordinator vəzifəsinin mövcud olması aylardır ofisdə çoxtirəlik olduğuna güman yaradır.

Z.Məmmədli Azadlıq radiosunun Bakı ofisinin koordinatoru təyin olunub-olunmaması ilə bağlı bir fikir bildirmək istəmədiyini deyib: "Bu məsələyə ayın axırında aydınlıq gətiriləcək. İndidən nə isə demək doğru deyil". Babək Bəkirin telefonu bağlı olduğundan, onun münasibətini öyrənmək mümkün olmadı.

Xatırladaq ki, "Azadlıq" radiosu ABŞ Dövlət Departamenti tərəfindən maliyələşdirilir.