Ərdoğan Azərbaycana şeir həsr edib
19 İyul 2014 10:30 (UTC+04:00)
Türkiyəli şair Fehmi Ərdoğan Azərbaycan dilinə şeir həsr edib. Onun
şeirlərində Azərbaycan dilinin şirinliyi süzmə bala, rəvanlığı
sayrışan ulduzlara, xalqımızın genetik səs tonu saz simlərindən
qopan məlahətli musiqiyə bənzədilir.
Movqe.az xəbər verir ki , Azərbaycan xalqına tükənməz məhəbbət
bəsləyən şair AzərTAc-a müsahibəsində deyib: Keçmiş Sovetlər
Birliyi qapalı dövlət olduğu üçün o dövrdə, Azərbaycan ilə
əlaqələrimiz olduqca məhdud idi. Amma doğma Azərbaycanı həsrətlə
seyr edir, xəyalımızda gəzdirirdik. Digər tərəfdən isə Azərbaycanda
və Türkiyədə istifadə olunan əlifbaların fərqli olması Azərbaycan
nəşrlərini, mətbuatını oxumaq imkanlarımızı məhdudlaşdırırdı.
1969-cu ildən başlayaraq proseslər dəyişdi. Türkiyədə söz və
mətbuat azadlığı mövcud olduğu üçün keçmiş Sovet dövründə rəsmi
mərasimlərin birində ilk dəfə, ulu öndər Heydər Əliyevin Azərbaycan
dilində nitq söylədiyini eşitdik. O vaxt Türkiyə mətbuatı Ümummilli
Liderin Azərbaycan dilində, səlis, rəvan və sərbəst danışıqlarını
sensasiya kimi yaydı. Azərbaycandakı bu proses, Türkiyədə müasir
milli intibahın başlanğıcı kimi qəbul olunurdu. Təbii ki, o dövrdə
televiziya və radio dalğalarının yayım imkanları indiki səviyyədə
deyildi. Buna baxmayaraq, Azərbaycan haqqında məlumatlar əldə edir
və bu xəbərlərə böyük bir qənimət kimi baxırdıq.
Türk ədəbiyyatı müəllimi, şair və tədqiqatçı kimi uzun illər Avropa
məktəblərində dərs deyən şair Azərbaycan ədəbiyyatının dünya
ədəbiyyatına verdiyi töhfələrdən də danışıb: Füzulisiz, Nizamisiz,
Nəsimisiz, Vaqifsiz, Natəvansız dünya ədəbiyyatı yoxdur. Azərbaycan
ədəbiyyatının korifeyləri elə bir zəngin irs yaradıblar ki, bütün
dünya onları sevə-sevə oxuyur və bəhrələnir. Böyük ədiblərimiz
özlərindən sonrakı nəsillər üçün geniş yaradıcılıq imkanları da
formalaşdırıblar. Böyük şairimiz Şəhriyar "Heydər Baba" poemasını
yazanda Ulu Öndərimiz o qədər də yaşlı deyildi. Amma biz Türkiyə
ədəbiyyatçıları bu poema ilə tanış olanda, əsəri təhlil edəndə,
onun ümumi məzmununda Heydər Əliyev şəxsiyyətinə tərənnüm görürdük.
Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı
təlatümləri biz də yaşadıq. Şükürlər olsun ki, Ümummilli Liderimiz
Azərbaycanı təhlükələrdən xilas etdi və siyasətin ən uca
zirvələrini fəth edərək bütün dünyanın heyranlıqla baxdığı Heydər
Əliyev zirvəsini yaratdı. Azərbaycan ədəbiyyatı tarixin heç bir
dövründə indiki qədər tanınmamışdı və inkişafda olmamışdı. Ölkənin
və xalqın tanınmasında bədii ədəbiyyat, o cümlədən poeziya böyük
imkanlara malikdir. Sevindirici haldır ki, Ulu Öndərin siyasi
kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu işlərə böyük
diqqət və qayğı göstərir. Mən də bir ədəbiyyat adamı kimi,
Azərbaycana, qədim Qarabağımıza, hər qarşı torpağımıza, bütün türk
dünyasına, xalqlarımızın qardaşlığına olan ülvi hisslərimi
şeirlərimlə tərənnüm edirəm.