Netenyahu: Ən əxlaqlı ordu İsrailindir

19 İyul 2014 11:00 (UTC+04:00)
"İsrail ordusu dünyanın ən əxlaqlı əsgərlərindən meydana gəlir. Tək bir vətəndaşa zərər vermək istəmirik. Ölümlərdən biz məsul deyilik, Həmas məsuldur".Movqe.az-ın ANS PRESS-ə istinadən  məlumatına görə, bu sözləri ordu qüvvələrini ziyarət edən İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Quru hərəkatı ilə məqsədlərinin Həmasa aid tunelləri yox etmək olduğunu söyləyən İsrail Baş naziri Benyamin Netanyahu "Əməliyyatı ciddi ölçüdə genişləndirməyə hazırıq" dedi.

Qeyd edək ki, Qəzzanın haradasa hamısını elektriksiz və susuz buraxan quru hərəkatı zamanı indiyə qədər 2 mindən çox hədəfi vuran İsrail ordusunun indi də 100 nöqtəni hədəf aldığı ifadə edilir. Qəzzada evlərini tərk edənlərin sayı isə 30 mini keçib.

Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. İsrail ordusunun Həmas tərəfindən atılan raketlərə qarşı 7 iyuldan başlanan istiqamətli hava hücumu, 17 İyul Fələstinə genişmiqyaslı quru əməliyyatı ilə əvəz edilib.

Birinci gecə minlərlə İsrail əsgəriylə başlayan quru hərəkatında 39 Fələstinli ölüb, 400-dən çox adam yaralanıb. Xəbər verildiyinə görə əksəriyyəti mülki şəxs olan ölənlər arasında yenə də uşaqlar var. 12 gündür davam edən hücumlarda ölən ümumi fələstinli sayı 297-yə, yaralı sayı da 2 min 230-a yüksəlib.

Fələstin höküməti həyatını itirənlər arasında 66 uşaq və 28 qadının olduğunu açıqlayıblar. Quru hərəkatı zamanı İsrail ordusu da ilk itkisini verib və bir əsgəri həyatını itirdiyi təqdirdə, 3 yaralı olduğu bildirilir.

Bu arada İsrail ordusu 7 iyuldan bu yana cəmi 65 min ehtiyatda olan əsgəri geri çağırıb.