Türkiyə hərbi məktəbinə qəbul başlayır
19 İyul 2014 23:00 (UTC+04:00)
2014/2015- cü tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyə Respublikası
Silahlı Qüvvələrinin (TSK) Quru Qoşunları Ali Hərbi Məktəbinə
kursant qəbulu elan edilib.
Movqe.az xəbər verir ki , Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından
(TQDK) verilən məlumata görə, verir ki, müsabiqədə 2014-cü
ildə mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul
imtahanlarında 200 və daha yüksək bal toplamış aşağıdakı
göstəricilərə malik olan abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlər 16 - 20 yaş arasında təvəllüdə malik, Azərbaycan
vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət
tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18
yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları:
müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və
52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki
standartları - 169 sm və 54 - 74 kq arası ) olmalıdır.
Müsabiqədə iştirak edəcək namizədlər Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra
Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara
cəlb olunurlar.
Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə
Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı
Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı
tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.
Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli
olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 7 nəfər namizəd
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi
Məktəbinə təhsil almağa göndəriləcəkdir. Türkiyə Respublikası
Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan
kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və
yataqxana, eləcə də xərclik ilə təmin olunur.
Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə
olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar. Türkiyə
Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi
Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə
təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək.
1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər.
Fakültədən xaric edilən kursantlar geri qaytarılır və
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi
xidmətə çağırılırlar.