Azərbaycanlı girovlarla bağlı müraciət
20 İyul 2014 18:02 (UTC+04:00)
Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq
Fondu Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal
olunmuş Kəlbəcər rayonu ərazisində azərbaycanlıların əsir
götürülməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət
edib. Bu barədə Fondun mərkəzi ofisindən məlumat verilib.
Movqe.az Azertac-a istinadən xəbər verir ki , müraciətdə işğal
olunmuş Kəlbəcər rayonunda doğma yurdlarına ata-babalarının
məzarlarını ziyarət etməyə gedərkən amansız işgəncələrə məruz
qalmış azərbaycanlıların erməni hərbçiləri tərəfindən əsir
götürülməsi ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Müraciətdə
deyilir: "Baş vermiş hadisələr Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin dinc yolla nizama salınması prosesinə mənfi
təsir göstərir, ümumiyyətlə, Qara dəniz – Xəzər dənizi regionunda
təhlükəsizliyin və sabitliyin bərpasına maneçilik törədir.
Beynəlxalq Fond bunu başa çatmaq mərhələsində olan "Barışığa doğru
gedən yol: uzun sürən Qara dəniz - Xəzər dənizi regionu
münaqişələrinin iqtisadi, sosial və siyasi nəticələri və onların
nizama salınması perspektivləri" adlı elmi-tədqiqat işində də
xüsusi qeyd edir". Müraciətdə xüsusilə vurğulanır ki, bu
hərəkətləri ilə Ermənistan tərəfi beynəlxalq hüquq normalarını və
Helsinki Yekun Aktının prinsiplərini pozur.
Müraciətdə daha sonra deyilir: "Bundan başqa, Qarabağda Azərbaycana
qarşı Ermənistanın 22 illik hərbi təcavüzü beynəlxalq prinsiplərin
və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, xüsusən
də atəşin dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatlara və
düşmənçilik aktlarına dərhal son qoyulmasını, habelə bütün işğalçı
qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər
rayonlarından dərhal çıxarılmasını tələb edən 822-ci qətnamənin
yerinə yetirilməməsi problemlərinin mövcud olduğunu təsdiq
edir".
Sənəddə beynəlxalq birliyin, xüsusən ATƏT-in Minsk qrupunun Dağlıq
Qarabağ münaqişəsinə laqeyd münasibət göstərdiyi qeyd olunur və
bildirilir ki, hamı vasitəçilərdən aktiv fəaliyyət gözləyir.
Müraciətdə deyilir: "Beynəlxalq Fond Beynəlxalq Qırmızı Xaç
Komitəsini onun bütün imkanlarından istifadə edərək əsirlərin
müvəqqəti saxlanması üçün normal şəraiti təmin etmək məqsədi ilə ən
qısa müddətdə lazımi tədbirlər görməsinə imkan verən mandat
çərçivəsində əsirlərlə görüş təşkil etməyə və onların tezliklə azad
edilməsinə nail olmağa çağırır. Beynəlxalq Fond bir daha qeyd edir
ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və
prinsipləri, ərazi bütövlüyünə, suverenliyə hörmət, qüvvə tətbiq
etməmək, dinc vətəndaşlara qarşı zor işlətməmək prinsipləri
əsasında ən qısa bir zamanda nizama salınmalıdır".