Türkiyə "Turan ordusu"nu yenidən qurur
20 İyul 2014 23:16 (UTC+04:00)
Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı (TAKM) yenidən
təsis olunacaq.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə APA
Türkiyə Jandarma Baş Komandanlığına istinadən məlumat verib.
TAKM-ın yenidən formalaşdırılmasının səbəbi bu ilin mart ayında
Monqolustan tərəfinin təsis müqaviləsini imzalamamasıdır.
Monqolustanın imtinası ilə əlaqədar təşkilatın yenidən təsis
olunması qərara alınıb.
Təşkilatda Monqolustanı Qazaxıstan əvəz edəcək: "İlk vaxtlarda
təşkilatın təsisi ilə bağlı fəaliyyətlərdə yer alan, ancaq öz
daxili təşkilati-strukturunda dəyişikliklərlə əlaqədar Təsis
Müqaviləsini imzalamayan Qazaxıstan Daxili Qoşunlarının müraciəti
ilə TAKM-ın Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında
yenidən formalaşdırılması planlaşdırılır. Bu çərçivədə fəaliyyətlər
davam edir".
Yenidən təsislə əlaqədar Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə
Təşkilatının qısaldılmış adı olan TAKM-da dəyişikliyin edilməsi
gözlənilir.
Qeyd edək ki, TAKM 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya
bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi
statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı
gücləndirmək məqsədilə təsis olunub. Təşkilatın qısa adı olan TAKM
onun təsisçiləri – Türkiyə, Azərbaycan, Qırğızıstan və
Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən
formalaşıb. Təşkilatın emblemində at (türkdilli xalqların
mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri
var.
Xatırladaq ki, TAKM-ın Bakıda təsis toplantısı xarici mediada
"Turan ordusu qurulur" sərlövhəsi ilə yayımlanıb.