Təhsil Nazirliyindən nazir müavini təyin edilməsi ilə bağlı rəsmi açıqlama

21 İyul 2014 14:03 (UTC+04:00)

Təhsil Nazirliyi Firudin Qurbanovun təhsil nazirinin müavini təyin edilməsi ilə bağlı məlumat yayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, prezidentin 18 iyul tarixli sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan təhsil nazirinin müavini təyin edilib.  Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmlərinamizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmiadını alıb. Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib. 1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət  və Turizm Nazirliyi Aparatının rəhbəri olub. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif olunub.