Ermənistanın Qafan rayonunda olmuş rusiyalı bloger
Sergey Yevstifeyev Qacaran şəhərinə baş çəkərkən azərbaycanlılar
barədə qəribə əhvalatlar eşidib.
ANS PRESS-in məlumatına görə, rusiyalı bloger
vaxtı ilə azərbaycanlıların yaşadığı Qacaran şəhərindən dağlarla
Naxçıvana keçmək istədiyini bildirib. Lakin Qafan sakini David
Bağdasaryan bunu məsləhət görməyib və yuxarıda Azərbaycanın hərbi
postlarının olduğunu söyləyib. "Səni erməni sayıb ya vurarlar, ya
da əsir götürərlər" deyən yaşlı erməni azərbaycanlıların belə sərt
davranışının səbəblərini izah edib.
Sən demə, Qarabağ münaqişəsinin ilk illərində bir
dəstə gənc erməni dağlara qalxaraq qoyun otaran bir neçə
azərbaycanlını öldürür, bir çobanı sağ buraxırlar. Çoban söz verir
ki, onlara yeni sürülər gətirəcək. Ertəsi gün erməni gəncləri
yenidən dağlara qalxır və bu dəfə sürülərin içindən 10-15 silahlı
azərbaycanlı çıxaraq erməniləri öldürür.
David Bağdasaryan həmin vaxtdan azərbaycanlıların
Naxçıvan sərhədini çox ciddi qoruduqlarını bildirir. "Onlar bura da
gəlirlər. Yolları çox yaxşı tanıyırlar. Necə gəlib-getdiklərini
anlaya bilmirik. Onların burda qəbristanlığı var, bəzi qəbirlər
dağıdılsa da, bəziləri durur. Gəlib qəbirlərinin üstünə gül
qoyurlar. Biz burda yatdığımız zamanı onlar küçələrmizdə gəzirlər,
istənilən vaxt bizi öldürə bilərlər, amma bunu etmirlər",- deyən
yaşlı erməni Ermənistanın özünü qorumağa gücü olmadığını
vurğulayıb.