Bakıda imtahanda gərgin anlar yaşandı
21 İyul 2014 15:59 (UTC+04:00)
Ötən gün Bakıda keçirilən qəbul imtahanlarında 16
nəfərin halı pisləşib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük
həkimi Zemfira Vahidovanın Movqe.az-a verdiyi məlumata
görə, dünən paytaxtın 21 məktəbində qəbul imtahanı
keçirilib.
"Ötən günü saat 09:00-dan saat 12:00-a qədər
imtahan keçirilən məktəblərin qarşısında həkim briqadalarımız növbə
çəkiblər. İmtahan zamanı 16 nəfər həkimlərimizə müraciət edib.
Onlardan 2-i müəllim, 1 nəfər isə valideyndir. Müraciət edənlərdən
13 nəfəri abuturiyentdir. Müraciət edənlərə ilkin tibbi yardım
göstərilib və onlar yenidən imtahana gediblər".
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) dünən 2014/2015-ci tədris ili üçün ali təhsil
müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün
II və III ixtisas qrupları üzrə qəbul imtahanı
keçirib.
İmtahanlarda 31326 abituriyentin iştirakı nəzərədə
tutulmuşdu.