Məşhur diktorun xatirəsi əbədiləşdirildi
21 İyul 2014 16:57 (UTC+04:00)
Avqustun 20-də əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq
məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubiliyi qeyd
olunacaq. Movqe.az xəbər verir ki, bu münasibətlə Siyəzən
Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2014-cü il tarixli 66
nömrəli sərəncamı ilə Siyəzən şəhərindəki Məşədi Əzizbəyov
küçəsinin adı dəyişdirilərək Aydın Qaradağlı adı ilə əvəzlənib.
Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi
dairəsi üzrə nümayəndəliyinə sərəncamdan irəli gələn məsələləri
həll etmək tapşırılıb. Qeyd edək ki, 17 yaşında diktor olmuş Aydın
Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində səsinin
rolu olduqca böyükdür. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və
hekayələrin, ədəbiyyatın təbliğat və təşviqat carçısı simvoluna
çevrilib. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii
əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. İşində Kazım
Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla
vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə
qaldıra bilib. Görkəmli sənətkar, sadə insan Azərbaycan
xalqının böyük hörmət və məhəbbətini qazanıb. Hazırda respublikada
tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor
məktəbindən bəhrələnib. Bu gün də Aydın Qaradağlı fenomeni
diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır.
Bu böyük insan Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq
Əməkdar artist adına layiq görülüb.