Metro tikintisinin yerli şirkətlərə həvalə edilməsi zəruri sayıldı

22 İyul 2014 08:16 (UTC+04:00)

Bir neçə gün öncə Moskva metrosunda baş verən hadisə həmin nəqliyyat vasitəsindən istifadə edən ölkələri narahat etməyə bilməzdi. Çünki, adətən bu cür kütləvi insan daşınan nəqliyyat vasitəsində qəzalar zamanı xəsarət və itkilərin sayı da böyük olur. Moskvada baş vermiş hadisəyə görə, Dövlət Duması ABŞ mühəndislərini günahlandırır. Bildilir ki, metro tikintisində iştirak edən ABŞ-ın "Makkinze" şirkətinin yol verdiyi səhvlər məlum qəzaya yol açıb. Bakı Metropolitenin konseptual planında bundan sonra onlarla stansiyaların inşasının olacağını nəzərə alaraq, mütəxəssislərdən hadisələrdən necə sığortalanmağın yollarını sorduq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov bildirir ki, Bakı Metropolitenin tikintisində alman, fransız şirkətləri iştirak edir: "Ancaq metropoliten tikintisində yerli şirkətlərə daha çox etibar etməliyik. Çünki, xarici şəxslər, şirkətlər o qədər də böyük məsuliyyət daşımırlar. O baxımdan öz şirkətlərimiz daha məsuliyyətlidirlər. Bakı Metropoliteni dünyada ən yaxşı təchiz olunmuş metropolitenlərdən biri hesab olunur. Məsələn, Parisin metro təsərrüfatı çox sadədir. Ancaq bizim metro stansiyalarının görünüşü də çox gözəldir. Sanki muzeyə bənzəyir. Bütün tərəflərdən baxdıqda Azərbaycan metropolitenində o cür hadisələrin baş vermə ehtimalı çox azdır".

Professor bildirdi ki, metro tikintisində problem daha çox layihə, tikinti materialları yaxud da yerin tərkibinə görə ola bilər: "Bundan başqa, bizim metroya xas təhlükə bəzi stansiyalarımızda yeraltı suların olmasıdır. "Nizami" və "İçəri şəhər" stansiyalarında həmin suları görə bilirik. Həmin stansiyalarda tez-tez nasos yerləşdirib suyu çəkirlər. 2 il əvvəl "Nizami" stansiyasında təmir işləri aparılarkən böyük su axının qarşısını almaq üçün əsaslı işlər görüldü. Burada kimyaçların xüsusi rolunu qeyd etmək lazımdır. Çünki, kimyanın rolu betonda həddindən artıq yüksəkdir. Betonların keyfiyyəti ilə məşğul olan şirkətlər var ki, nəmişlik, torpaqda kimyəvi yeyici maddələr olan halda kimyəvi əlavələr edərək betonu daha davamlı edirlər".

"Azərbaycan Memarlar Assosasiyası"nın prezidenti, memar Zemfira Budaqova bildirir ki, Abşeron torpağı dənizə yaxınlaşdıqca onun altındakı gil təbəqəsi çoxalır, torpaq təbəqəsi isə azalır: "Ona görə də həmin ərazilərdəki metro tunellərinin üzərində hündür binaların tikilməsi təhlükəlidir. Bakı Metropolitenin tikintisində də xarici memarlar çoxdur. Ancaq seysmikliyə, torpağın tərkibinə görə bilirik ki, dənizə yaxın ərazilərdə tunel və onun da üzərində çoxmərtəbəli bina tikmək olmaz. Bizdə torpaq şürüşməsi çox baş verir. Bu da adətən gilin çox olmasından doğan səbəbdir. Digər tərəfdən qatarların hərəkəti torpağı tərpədir. Bunlar nəzərə alınmalıdır".