Ermənistandakı rus qoşunları Türkiyə ilə sərhəddən geri çəkilir?!

22 İyul 2014 08:44 (UTC+04:00)

"Rusiya Ermənistan-Türkiyə sərhədindən qoşunlarını geri çəkir. Bu informasiyanı Ermənistan mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb. Mənbə qoşunların geri çəkilməsinə əsas səbəbin Rusiya və Türkiyə arasında imzalanmış gizli razılıq olduğunu bildirib: "Əgər əvvəllər sərhəddə dayanan əsgərlər arasında tam yarı-yarıya qüvvələr balansı qorunurdusa, indi sərhədçilərin 80%-ni ermənilər təşkil edir. Bu isə rus-erməni sazişinin daha 49 il müddətinə uzadılmasından sonra baş verən məqamdır. Görünür, Rusiya ilə Türkiyə arasında nə isə gizli razılıq olunub və İrəvana hansısa şərti qəbul etdirəcəklər".

Görəsən, erməni mətbuatının yaydığı bu informasiya həqiqəti əks etdirirmi? Ümumiyyətlə, mətbuatın yaydığı bu hadisə nədən xəbər verir? Gözləmək olarmı ki, mərbuatda yazılan məqamların gerçəkləşməsi Dağlıq Qarabağ münaqişəsinə təsir etsin?

Millət vəkili Asim Mollazadənin fikrincə, Ermənistan mətbuatının yaydığı məqalə uydurma və yalanlar üzərində qurulub: "Öncə onu vurğulamaq istərdim ki, haçandan bəri biz erməni mətbuatına inanmağa başlamışıq? Onlar hər zaman yalan və iftiralar yayır ki, hər hansı bir formada Azərbaycana, ölkəmizin Türkiyə ilə münasibətlərinə bir xələl gətirsinlər. Ümumiyyətlə, ermənilər hər zaman çalışır ki, türklərin dünyadakı imicinə zərbə vursunlar. İnanmıram ki, NATO üzvü olan Türkiyə ermənilərlə bağlı Rusiya ilə hər hansı bir gizli sövdələşməyə getsin, razılığa gəlsin ki, bu da Azərbaycanın mənafeyinə hansısa xələl gətirsin. Bu hər zaman olduğu kimi Ermənistan mediasının yalan və iftira kampaniyasının tərkib hissəsidir. Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunacaq və düşünürəm ki, Ermənistanda da bununla bağlı müəyyən qədər panikaya qatılıblar. Belədə bu və ya digər uyğurmalarla diqqəti başqa məsələlərə yönəltmək istəyirlər. Məsələ isə hüquq normaları, BMT, digər dünya təşkilatlarının qətnamələri əsasında həll olunmalıdır. Ermənistan qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməlidir. Bunun üçün də nə Türkiyə ilə Rusiyanın sövdələşməsi lazımdır, nə hansısa bir gizli oyunlar . Hər şey açıq müstəvidə həllini tapmalıdır".

Politoloq Taleh Əliyev ümumiyyətlə, yayılan bu məlumatın dezinformasiya olduğunu söylədi: "Ermənistan mətbuatının Ankara ilə Moskva arasında gizli razılıq əsasında Rusiya qoşunlarının sərhəddən geri çəkilməsi barədə informasiyasını ciddi hesab etmirəm. Çünki, Rusiyanın Ermənistana bu olmadan da kifayət qədər təsir etmək rıçaqları vardır. Türkiyə ilə Rusiya arasında yaxınlaşma baş versə, bunun üçün Ermənistanın təzyiq obyekti kimi seçilməsi, oradakı rus qoşunlarının sərhəddən geri çəkilməsi inandırıcı fakt kimi götürülmür. Bu, əslində, Ermənistanın iç siyasətinə yönəlik bir mesajdır. Hakimiyyət Rusiya qoşunlarının Ermənistan ərazisindən çəkilməsi fonunda yerli xalqı bildirir ki, türklərlə məsafə açıla və Ermənistan cəmiyyəti növbəti dəfə təhlükə ilə üzləşə bilər. Bilirsiniz ki, Ermənistan Azərbaycan təmas xəttində davamlı olaraq atəşkəsin pozulması halları baş verir. Belədə sözügedən informasiyanın da Ermənistanın iç siyasətinə yönəlmiş dezinformasiya olduğu üzə çıxır. Burada ciddi məqamların olduğunu düşünmürəm. Rusiya ilə Türkiyə arasında hər hansı bir yaxınlaşma baş verərəsə və bu fonda Moskvanın İrəvana təzyiq etmək fikri olarsa, bunun ən yaxşı yolu kimi Ermənistana ötürülən enerji daşıyıcılarının həcminin azaldılması, hakimiyyətdəki digər qrupları işə salmaq kimi təzyiq vasitələrindən istifadə edə bilər. Ona görə də, Erməni mətbuatının yaydığı bu məlumatı bir informasiya kimi qəbul etmirəm".