Əmək bazarının təhlili üçün informasiya bazası yaradılacaq

22 İyul 2014 14:40 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi  (EİS) əmək müqaviləsi bildirişləri haqqında bütün məlumatları əhatə etməklə, respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq.  Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, informasiya bazasında əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə toplanan məlumatlar əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa imkan verəcək. Real məlumatlara əsasında aparılan təhlillərin nəticələri isə gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının, islahat tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaq. Digər tərəfdən, bu və ya digər müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti zamanı işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi informasiya bazasında onlarla bağlı  əmək müqaviləsi bildirişinin mövcud olub-olmamasından asılı olaraq operativ şəkildə müəyyənləşəcək.