Magistr olmaq istəyənlərin nəzərinə!
22 İyul 2014 15:42 (UTC+04:00)
Ali təhsil müəssisələrinin magistraturalarının boş
qalan plan yerlərinə qəbul elan edilib.
Movqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına istinadla verdiyi məlumata görə, müsabiqə 2014-cü il
martın 2-də və mayın 25-də magistratura səviyyəsinə keçirilmiş
ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında
aparılır. Müsabiqədə iştirak etmək
hüququ olan bakalavrlar 2014-cü il avqustun 4-dən 11-dək TQDK-nın
internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi
ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd
edib təsdiqləməlidirlər. Bunun üçün bakalavrlar TQDK-nın yeni
virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək
üçün həmin kartın şifrindən istifadə
etməlidirlər. Boş qalan plan yerləri
olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında
dərc olunacaq. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi
proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək
ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını
istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların
ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas
kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən
keçdiyi ixtisaslaşmaların birincisinə
yerləşdirilir. Dövlət hesabına
magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul
aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan
qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar
nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri
seçə bilməzlər.