Qarabağ danışıqlarında vaxt limiti…

23 İyul 2014 08:47 (UTC+04:00)

Elman Nəsirli: "Ermənistan aqressiv siyasətini davam etdirərsə, istisna deyil ki, gələcəkdə onunla danışıqlar prosesində konkret vaxt reallığı məsələsi də mümkün ola bilər".





Dağlıq Qarabağ ətrafında danışıqlar prosesi uzanmaqda davam edir. Prosesin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğuldur. Amma bütün səylərə baxmayaraq, hələ də danışıqlarda hansısa bir müsbət tendensiya müşahidə edilmir. Ermənistan tərəfi hər dəfə danışıqlara ancaq görüntü xatirinə qoşularaq, hər vəchlə çalışır ki, prosesdə irəliləyiş olmasın. Çünki, hazırki status-kvo vəziyyəti onu qane edir. Minsk qrupu həmsədrləri də danışıqlara üstünlük verir. Amma buna rəğmən, danışıqların pozitiv məcra almasına əngəl olmağa çalışan, hansısa bir müsbət nəticələrin ola biləcəyi göz önünə gələn kimi müxtəlif bəhanələrlə gərginliyi artırmaqla məşğul olan Ermənistana hər hansı bir irad bildirmir, təzyiq göstərmirlər. Bunun nəticəsidir ki, cəzasız qalan Ermənistan danışıqlara da ancaq danışıq xatirinə gedir. Belədə isə torpaqlarımız işğal altında qalmaqda və 1 milyondan artıq Azərbaycan insanı qaçqın, məcburi köçkün vəziyyətində yaşamaqda davam edir.

Belə fikirlər səslənir ki, danışıqların çox davam etməməsi üçün vaxt limiti müəyyən edilməlidir. Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki. hələlik danışıqlara vaxt limitinin qoyulması üçün situasiya mövcud deyil: "Məsələni bu cür qoymaq, belə konkretliyə düşünürəm ki, indilikdə ehtiyac yoxdur. Hazırda bir situasiya yoxdur ki, onun əsasında danışıqlar prosesinə limit qoymaq kimi nəticəyə gəlmək zərurəti olsun. Situasiyada ümumi fonda elə bir dəyişiklik yoxdur. O dəyişiklik olsaydı, hansısa əlamətlərə görə, məsələyə başqa cür yanaşmaq olardı. Hələliksə, bu görünmür".

Politoloq Qabil Hüseynli hazırkı situasiyada danışıqlara limit qoyulmasının mümkün olmadığı qənaətindədir: "Danışıqlarda vaxt limitinin müəyyən edilməsi çox çətindir. Çünki, bu münaqişə də qədim münaqişələrdən hesab edilir. 22 ildir ki, Qarabağ münaqişəsi davam edir. Danışıqlar prosesinin isə imitasiyası aparılır. Hazırda danışıqlar beynəlxalq qurumların nəzarəti altındadır. Belədə Azərbaycan təkbaşına hərəkət edə bilməz. Əks təqdirdə beynəlxalq ictimaiyyəti öz qarşısına almış olar. Ona görə də danışıqlar prosesinə limit qoyulması məsələsinin gündəmə gətirilməsi mümkün deyil".

Politoloq Elman Nəsirli isə qeyd etdi ki, gələcək perspektivdə danışıqlara limit qoyulması məsələsi mümkün ola bilər: "Danışıqlar prosesi bildiyimiz kimi yenidən dalana dirənib. Sonuncu dəfə 2013-cü ilin noyabr ayında Vyanada görüşən Azərbaycan və Ermənistan prezidentləri arasında keçən müddət ərzində dəfələrlə yeni görüşlərin keçirilməsinə cəhdlər olsa da, son nəticədə Ermənistanın tutduğu məlum qeyri-konstruktiv mövqe üzündən danışıqlar baş tutmayıb. Təbii ki, Azərbaycan dövləti münaqişənin dinc yolla həllində maraqlıdır. Bu səbəbdən prezidentlər səviyyəsində görüşlər keçirilməsinin tərəfdarıdır. Təəssüf ki, Ermənistan tərəfi hər dəfə danışıqlara getsə də belə, nə olursa-olsun müddətli danışıqlar taktikasını tətbiq edir. Onlar status-kvo vəziyyətini qorumaq naminə nəticəsiz danışıqlara gedir. Beləliklə, çalışır ki, beynəlxalq ictimai fikirdə sülhpərvər obraz yaratsın. Amma son nəticədə heç bir sənədə imza atmamaq taktikasını seçib. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı çıxışları zamanı kəskin və qətiyyətli mövqeyini bildirib. Amma Prezidentin qeyd etdiyi kimi bütün bu müddət ərzində danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb, bir addım da olsa irəli atılmayıb. Bunun da səbəbi Azərbaycan Prezidentinin qeyd etdiyi kimi ilk növbədə Ermənistanın üzərinə düşür. Eyni zamanda ona himayədarlıq edən tərəflərin, beynəlxalq birliyin və ATƏT-in Minsk qrupunun üzərinə də böyük məsuliyyət düşür. Azərbaycan tərəfi dinc danışıqlar yoluna sadiqdir. Amma eyni zamanda, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək işğala məruz qalan ərazisini istənilən, həmçinin, hərbi yolla azad etmək hüququnu özündə saxlayır. Ölkə Prezidenti həm onu da qeyd etdi ki, bu məqsədə çatmaq üçün iqtisadi, siyasi, həm də hərbi təzyiq imkanlarından istifadə edib, dinc yolla münaqişənin həllinə nail olmaq niyyətindəyik. Təbii ki, dinc yol nəticə vermədikdə, hərbi yol sonuncu addım kimi üzə çıxmış olur. Belə olan vəziyyətdə bir çox hallarda bu kimi suallar yaranır ki, Ermənistan münaqişəni uzatmaq, status-kvo vəziyyətini qoruyub saxlama taktikasını seçibsə, həmin halda ona konkret müddət verilsin, həmin müddət ərzində Ermənistan müvafiq addımlar atmasa, ona qarşı güc tətbiq edilsin. Zənnimcə, ölkə Prezidentinin fikirləri ilə söyləsək, Azərbaycan tərəfinin mövqeyinə görə, hələ danışıqlar limiti, münaqişəni dinc yolla həll etmək imkanları tam tükənməyib. Müəyyən ümid və imkanlar var. Yalnız Ali Baş Komandan müəyyən etdikdə ki, artıq bütün danışıqların nəticəsi bəllidir və Ermənistanın heç bir halda münaqişəni dinc yolla həll etmək niyyəti yoxdur, gözdən pərdə asmaq taktikasını həyata keçirir, belə olan halda ölkə başçısının siyasi iradəsinə əsasən yekun qərar qəbul edilə bilər. Yəni danışıq limiti tam tükəndikdə, bu halda hərbi müstəvidə münaqişənin həlli və danışıqlara konkret limit qoyulması məsələsi aktuallaşa bilər. Ermənistan situasiyanı düzgün qiymətləndirməyib indiki aqressiv siyasətini davam etdirərsə, istisna deyil ki, gələcəkdə onunla danışıqlar prosesində konkret vaxt reallığı perspektivdə mümkün ola bilər".