Azərduzun istehsalçısı olan masazırlılar duz bayramını qeyd etdilər (FOTO)

22 İyul 2014 19:56 (UTC+04:00)

4 il bundan əvvəl ölkə başçısı İlham Əliyevin qayğı və dəstəyilə istifadəyə verilən Masazır Duz Zavodunun fəaliyyətə başlamasından sonra həm ölkə əhalisinin keyfiyyətli və yodlaşdırılmış duz ilə təminatı, həm də duzçuluqla məşğul olan insanların maddi gəlirləri bir neçə dəfə artdı. Bu əlamətdar hadisənin 4-cü ilində Masazır sakinlərinin təklifi ilə Abşeron rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq" in birgə təşkilatçılığı ilə bu günün duz bayramı kimi qeyd edilməsi qərara alındı.Elmi konfrans ilə başlayan tədbirdə, millət vəkili Qənirə Paşayeva, "Azərsun Holdinq"in, Abşeron İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin, UNİCEF-in, Azad İstehlakçılar Birliyinin nümayəndələri, kənd ağsaqqalları çıxış etdilər.Tədbirin əhəmiyyətindən bəhs edən millət vəkili bu bayramın gələcəkdə beynəlxalq səviyyədə qeyd edilməsinin və bunun çox uğurlu nəticələrə səbəb olacağını bildirdi.

Tibb Universitetində kafedra müdiri, Əməkdar müəllim İbrahim Əhmədov isə statistik göstəricilərə əsasən, bu müəssisənin fəaliyyətə başladığı gündən ölkədə yod çatışmazlığı xəstəliklərinin təxminən 10 dəfə azaldığını bildirdi. Bu nəticənin əldə olunmasında yodlu "Azərduz" markasının böyük rolu olduğunu vurğuladı.
UNİCEF-in nümayəndəsi Natiq Umarov yodlaşdırılmamış duzun insan səhhətinə böyük zərər verdiyini deyərək, Masazır Duz Zavodunun fəaliyyətinin bu problemin həllinə mühüm töhfə verəcəyini bildirdi.

Bədii hissə ilə davam edən bayramda daha bir maraqlı məqam is gənc rəssamlar və heykəltəraşlar tərəfindən duzdan hazırlanmış müxtəlif incəsənət əsərləri oldu. Burada duzdan hazırlanmış heykəllər və müxtəlif rəsm əsərləri sərgiləndi ki, bu da qonaqlar tərəfindən çox yüksək qiymətləndirildi. Bayramda kənd sakinləri və digər qonaqlar üçün "Azərsun Holdinq" tərəfindən iftar süfrəsi açıldı.
Bayramın sonunda isə "Azərsun Holdinq" tərəfindən gənc rəssamlara və heykəltəraşlara ilk Duz Bayramında iştirak etdiklərinə görə sertifikalar təqdim edildi. Tədbir maraqlı atəşfəşanlıqla yekunlaşdı.