I sinfə getməyə yaşı çatmayan uşaqların valideynlərin-Xəbərdarlıq

23 İyul 2014 12:50 (UTC+04:00)

Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün yaradılan komissiyalar avqustun 5-dən sentyabrın 10-dək fəaliyyət göstərəcək.  Movqe.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytına istinadən xəbər verir ki, idarənin müdir əvəzi Elnur Əliyev "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 17 iyul 2013-cü il tarixli, 739 nömrəli əmrinin icrası barədə əmr verib. Əmrə əsasən, xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə idarənin ümumi sektoru 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin, habelə ümumtəhsil müəssisələrinin təqdimatlarının müvafiq sənədlərlə birlikdə iyulun 20-dən avqustun 20-dək (bazar və bayram günləri istisna olunmaqla) Bakı Şəhəri üzrə Təhsil İdarəsində elektron şəkildə qeydiyyata alınmasını, müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti  məlumatların www.bakuedu.az saytında yerləşdirməsini təmin etməlidir.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar müsahibələrin aparılması məqsədilə müvafiq komissiyalar yaradılacaq. Komissiyalar 2014-cü il avqustun 5-dən sentyabrın 10-dək Nəsimi rayonu ərazisindəki 42 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək. BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli komissiyaların işinin normal təşkili və müsahibələrin obyektiv keçirilməsi işinə nəzarət edəcək.