Movqe.az havalar istiləşdikcə yetişən daha bir meyvə, zoğal, zoğalın faydaları barədə məlumat verəcək. Əslində, zoğalın müalicəvi əhəmiyyəti çoxlarına məlumdur. Azərbaycanda elə bir ev tapmaq mümkün deyil ki, qışa bir banka da olsa, zoğal mürəbbəsi saxlamasınlar. Çünki bizdə yaxşı bilirlər ki, qış aylarında soyuqdəymənin ən ağır formasına məruz qalanları da bir stəkən zoğallı çayla dirçəldib, ayağa qaldırmaq olar. Amma bu giləmeyvənin başqa müalicəvi xüsusiyyətləri də var. Bu barədə danışmamışdan əvvəl, zoğalla bağlı maraqlı bir dini rəvəyatə qulaq verin. Bəzən zoğalı "şeytan meyvəsi" adlandırırlar ki, bu heç də təsadüfi deyil. Rəvayətə görə, Allah ətrafdakılara yaratdığı ağaclardan birin seçmək imkanı verir. Bu da yaz fəslinə təsadüf edir. Zoğal ağacının bütün başqa ağaclardan birinci çiçəklədiyini görən şeytan tez-tələsik onu seçir. Şeytan düşünür ki, tez çiçəkləyibsə, qalan meyvələrdən daha əvvəl yetişəcək. Amma yaz keçir, yay gəlir, bütün meyvələr dəyir, zoğal yetişmək bilmir. Bundan əsəbiləşən şeytan zoğaldan imtina edib, onu insanlara verir. İnsanlar isə payızda ağaclardan qalan meyvələr üzülüb qurtarandan sonra dəymiş qara-qırmızı zoğaldan yığıb, ləzzətlə yeyirlər. El arasında belə bir inanc da var ki, hansı il zoğal bol gətirsə, deməli, qış bərk soyuq keçəcək. Çünki şeytan məhsulun çox olduğunu görüb, qəzəblənir.
Əksər slavyan dillərində zoğalı "kizil" adlandırırlar ki, bu da türk dilindəki "qızıl" sözündən götürülüb və giləmeyvənin rənginin qırmızılığından qaynaqlanır. Al-qırmızı rəngi isə zoğalın tərkibində karotinin çoxluğundan xəbər verir. Bundan başqa, zoğalın tərkibində su, efir yağı, S vitamini də boldur. Həmçinin, zoğal meyvəsində dəmir, kalium, kalsium, fosfor, maqnium kimi mineral duzlar var ki, onlar da ürək-damar xəstələrinə yaxşı təsir göstərir. Zoğalın meyvəsindən və yarpaqlarından şəkərli diabet xəstəliyinin müalicəsində istifadə olunur. Diabetiklər üçün qida məhsullarının satıldığı istənilən mağazada konservləşdirilmiş zoğala rast gəlmək olar. Məsələ burasındadır ki, zoğalın tərkibindəki orqanik turşular insan orqanizmində təbii insulinin inkişafına optimal şərait yaradır.Zoğal həm də çox nadir maddə olan polifenol mənbəyidir ki, ondan da kapillyarların möhkəmləndirilməsi üçün yararlanırlar. Zoğaldan dizenteriyanın müalicəsində də geniş istifadə olunur. Ümumiyyətlə, zoğal ishala qarşı yaxşı dərman sayılır. Zoğalın qurudulub, üyüdülmüş tumundan isə sağalmaz yaraların müalicəsində antiseptik məlhəm kimi istifadə olunur. Xalq təbabətində zoğal həm də iştahartıran dərman kimi qiymətləndirilir. Farmakoloji xüsusiyyətləri nəzərə alınaraq zoğal şirəsindən revmatizm əleyhinə, bədənin tonusunu normallaşdıran, hərarətə qarşı dərman kimi istifadə olunur. Zoğalda bioloji aktiv maddələrin çoxluğu isə ondan istifadə nəticəsində qan damarlarının elastikliyini artırır və qan təzyiqini normallaşdırır. Zoğalın yarpaqlarından hazırlanan çay bədəni möhkəmləndirən vasitə kimi tövsiyə olunur. Təzə dərilmiş zoğal meyvəsindən hazırlanan sirop isə raxitlik, angina, sinqa xəstəliklərində, qan azlığında yaxşı effekt verir. Zoğaldan bədənin duz balansını normaya salmaq məqsədilə də yararlanmaq mümkündür. Çin təbabətində zoğala vərəm əleyhinə dərman və qulaqda küyə qarşı vasitə kimi baxılır. ABŞ-da isə bu giləmeyvədən malyariyaya qarşı vasitə kimi yararlanırlar.