Ukraynadan gətrilən kartofda xəstəlik tapıldı

24 İyul 2014 08:54 (UTC+04:00)

Bildiyimiz kimi, Rusiya bu yaxınlarda Ukraynadan kartof idxalına qadağa qoyub. Anoloji addımı Ukraynanın şimal qonşusu olan Belarus da atdı. Hər iki tərəf qadağaya səbəb kimi Ukrayna kartofunda xəstəlik aşkar edildiyini iddia edir. Söz yox ki, burada əslində, siyasi motivlər gizlənir. Hazırda Rusiya ilə Ukrayna arasında münasibətlər gərgin fazadadır. Ukrayna həm də Belorusdan fərqli olaraq, Rusiyanın qurduğu Avrasiya İqtisadi İttifaqına daxil olmaqdan imtian edib. Görünür, bu addım Rusiyanı qıcıqlandırdığından, Moskva gələn Ukrayna mallarına, o cümlədən kartofa qadağa qoymaq üçün məhsulun xəstə olması bəhanəsini ortaya atıb. Belarus da Moskvanın təzyiqi ilə həmin yolu tutub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının müdiri Yaqub İbrahimov qeyd etdi ki, hazırda xaricdən ümumiyyətlə, kartof idxal olunmur. Həmsöhbətimiz Rusiya ilə Belarusun sözügedən addımını isə siyasi motivlərlə əlaqələndirdi: "Hazırda Azərbaycana nəinki Ukraynadan, ümumiyyətlə, digər xarici ölkələrdən də kartof gətirilmir. İkincisi, 3-4 il öncə Türkiyədən Rusiyaya göndərilən pomidorda xəstəlik aşkar olundu və məhsulu geri qaytardılar. Həmin vaxt Türkiyədən ölkəmizə gətirilən pomidorun tərkibini yoxladıq. Hər şey yerində idi. Pomidorun tərkibində insan orqanizmi üçün təhlükəli sayıla biləcək hansısa bir komponentlər tapılmadı. Rusiyadakı həmin hadisə ilə bağlı olaraq, Türkiyə baş naziri Ərdoğan bir həftə sonra Putinlə görüşdü. Bu görüşdən sonra pomidorun tərkibində Rusiya tərəfindən tapılan bütün neqativ nəticələr döndü oldu normal nəticə. İndi Ukrayna ilə Rusiyanın bir-birinə münasibətdə hansı mövqedə olduğu hamıya bəllidir. Bundan başqa, eyni nöqteyi-nəzərdən yanaşdıqda görərik ki, Belarus və Ermənistanın da Ukrayna ilə münasibətlərində, o cümlədən iqtisadi əlaqələrində də yaxşı məqamları gözləməyə dəyməz. Bu, açıq şəkildə aydındır. Azərbaycana gətirilən kartof isə sərhəddən keçən kimi bizim laboratoriyada yoxlanılır. Burada kartofun tərkibindəki nitratın, zəhərli maddələrin qalıq miqdarı yoxlanılır. Yalnız nəticə veriləndən sonra gətirilən kartofun realizasiyası başlayır. Hazırda isə Azərbaycana heç bir xarici ölkədən kartof gəlmir. Amma bir qədər əvvəl, mart-aprel aylarında Rusiya, Türkiyə, Gürcüstandan kartof gətirilirdi. Gələn kartof da dediyim kimi dövlət nəzarəti altında olur. Ukraynadan kartof gətirilməsi olsa da, Rusiyanın yoxlayaraq onun tərkibində nə tapmasının və bu haqda nə deməsinin Azərbaycana aidiyyatı yoxdur. Azərbaycan müstəqil, sərbəst dövlətdir. Azərbaycanın müstəqil qanunları var, müstəqil dövlət qurumları var və onlar müstəqil şəkildə qərar qəbul edir".