Dayanacağı olmayan avtobuslar

25 İyul 2014 08:06 (UTC+04:00)

Bitməyən nəqliyyat problemlərimizdən biri də dayanacaq məsələsidir. Şəhərin əksər hissələrində dayanacaqlar olsa da, sürücü və sərnişinlər çox vaxt buna əməl etmirlər. Bakı ətrafında isə problem tam başqadır. Çünki, ətraf qəsəbələr heç də tam dayanacaqla təmin olunmayıb. Təbii olaraq bütün bu amillər hərəkətə təsirsiz ötüşmür. Başda tıxac olmaqla digər yol hərəkət pozuntularına səbəb olur. Enyi zamanda sürücü avtobusu istənilən yerdə saxlayır və bu da çox vaxt ciddi narazılıqla qarşılanır. .

Ekspert Azər Allahverənov da təsdiqlədi ki, Bakı ətrafı ərazilərdə daimi olaraq dayancaqların olmamasını aşkar edirik: "Hətta bəzi yerlərdə dayanacaqlar lazımsız tikinti materiallarından düzəldiblər. Burada sağlmalıq kimi məsələlərlə bərabər, etika-estetika amili də var. Kəndlərin abadlaşdırılması, yolların düzəldilməsi şəraitində eybəcər dayanacağa bənzər nəyinsə olması heç də xoş hal deyil. Yol infrastrukturu qurulan zaman bura aid olan elementlər də təkmil şəkildə qurulur. Çox güman ki, bir çox məsələlər məhz yol infrastrukturu təkmiləşdirilməsi kontektsində öz həllini tapacaq. Amma ilk əvvəl düşünülməlidir ki, insanlar dayancaqda ictimai nəqliyyat gözləyən zaman Günəşin altında qalmaları daha böyük təhlükələrə səbəb olur. Bu baxımdan da istehlakçının ilk öncə bu marağı gündəmdə saxlanılmalıdır. Bunun üçün həmin yollarda sığınacaq kimi yer təşkil olunmalıdır. Məsələn, Mərkəzi Bankın qarşısındakı dayanacaq çox kiçik həcmdədir. Ancaq orada dayanan insanlar çox olur. Yəni, faktiki olaraq, elə dayanacaq var ki, əlverişli inşa olunmayıb. Ancaq 100 nəfərlik dayancaq tikmək də doğru deyil. Eyni zamanda insanlar dayanacağın yoxluğundan əziyyət çəkməməlidirlər. Bakı kəndlərinə işləyən avtobusların intervalları çox böyük olur. Aidiyyatı qurumlar heç olmasa, minimum xərclərlə dayanacaqların qurulmasına nail olmalıdırlar".

Azər Allahverənov bu işdə kart ssiteminin müəyən qədər köməklik göstərə biləcəyinə ümidr edir: "Avtobuslarda kart sisteminin tətbiqi bilavasitə sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Digər tərəfdən bu, avtobuslardakı baş verən bəzi neqativ halların qarşısını alacaq. Amma kart sistemi o zaman efektiv olacaq ki, bunun tətbiq olunması ilə yanaşı, avtobus sürücüləri üçün aylıq əmək haqqları ayrılsın. Yəni, onların məvacibləri verdikləri plandan olmasın. Belə olduğu halda avtobuslar öz qrafiklərindən kənara çıxmayacaq. Bu da nəticə etibarı ilə xoşagəlməz neqativləri aradan qaldırmış olacaq. Kart sistemi ödəniş haqlarının həmin şirkətlərin kassasına daxil olmasına şərait yaradır. Kart sisteminin tətbiqində dövlət maraqlıdırsa, maraqlı olmayan şirkətlər də var. Kart sistemi həm də avtobuslar arasında gedən ötüşmə əməliyyatları, lazımsız yerdə saxlamağın qarşsısını ala biləcək".

Ekspert əlavə etdi ki, burada sərnişinlərin də üzərinə vəzifə düşür: "Onlar hər yerdə dayanmanı tələb etməməlidirlər. İctimai nəqliyyatın harada gəldi saxlanması inzibati qayda pozuntusu hesab edilir. Amma bu gün bu məsələyə ciddi diqqət edilmir. Lazımsız yerlərdə saxlama vaxtın itkisinə, yol hərəkət qaydalarının pozulmasına səbəb olur. Ona görə də avtobuslar yalnız dayanacaqda saxlasalar, yaxşı olar".