Sovet peyki Yerə avqustun 4-də düşəcək

25 İyul 2014 08:47 (UTC+04:00)

34 il əvvəl buraxılmış və artıq öz işini başa çatdırmış "Kosmos-1151" sovet peyki Yerə çırpılacaq. Rusiya Federasiyasının Hava-Kosmik Müdafiəsindən bildirilib ki, kosmik vəziyyətin baş kəşfiyyat Mərkəzində peykin tezliklə orbitdən düşəcəyini sübut edən trayektoriya dəyişikliyi qeydə alınıb.

Indiki məlumatlara görə, kosmik aparat 4 avqust 2014-cü ildə atmosferə daxil olacaq. Əvvəllər ABŞ Kosmik fəzanı nəzarət sistemi "Kosmos-1151" peykinin iyulun 29-da düşəcəyini proqnozlaşdırmışdı. Dəqiq tarix xarici amillərin təsiri ilə dəayişə bilər.

Peyk atmosferin sıx qatlarına daxil olaraq parçalanacaq, lakin onun çətin əriyən materialdan hazırlanmış hissələri Yer səthinə çata bilər. Düşmə yeri hələlik məlum deyildir.

"Kosmos" seriyasından olan kosmik aparatlar SSRİ-də hazırlanıb və ümumi sayı iki minə yaxın olmaqla 1962-2001-ci illər arasında buraxılb. "Kosmos-1151" "Siklon-3"raket-daşıyıcı vasitəsilə 23 yanvar 1980-ci ildə 650 km hündürlükdə yerətrafı orbitə çıxarılıb.

Yerin məsafədən zondla tədqiq edilməsi üçün nəzərdə tutulan "Kosmos-1151" ilk sovet okeanoqrafiya peyki olub və sovet alimləri onun sayəsində Dünya okeanı haqqında kosmik məlumatlar bazasını yarada biliblər. Kosmik aparatın aktiv mövcudolma vaxtı altı ay təşkil edib. Yerətrafı fəzada olan və öz işini başa çatdırmış kosmik aparatlar kosmik zibil kateqoriyasına daxildir. Son on illər Yerin orbitində zibilin ekoloji toplanma problemi ciddi vəziyyət alıb: faydasız və idarə edilməyən obyektlər fəaliyyətdə olan kosmik aparatlarla toqquşma təhlükəsi yaradır.

NASA-nın 2 iyul 2014-cü ildə verdiyi məlumata görə, hazırda yerətrafı orbitdə kosmik fəzanı nəzarət sistemlərinin izlədiyi 16900 süni mənşəli obyekt vardır. Onlardan 3812-si peyk (fəaliyyətdə olan və öz işini başa çatdıran) və 13088-i isə fraqmentdir.