Ərdoğan: “İsrail terror dövlətidir”

24 İyul 2014 19:10 (UTC+04:00)

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan CNN telekanalına verdiyi müsahibəsində İsrailə qarşı sərt ifadələr işlədib. Movqe.az xəbər verir ki, CNN müsahibənin İsraillə bağlı hissəsini öz səhifəsinə yerləşdirib.

Ərdoğan aparıcı Beki Andersonun, "İsrail Türkiyə və Qətərin HƏMAS-ın terror fəaliyyətlərinə dəstək verdiyi ilə bağlı ittihamlar irəli sürür. Buna nə deyirsizinz?" sualını belə cavablandırıb.

"İsrailin bu ittihamına belə cavab verəcəyəm. Birincisi, İsraili kim maliyyələşdirir? İkincisi İsrail bir terror dövlətidir. Hazırda fəaliyyətləri ilə terror dalğası yaradırlar. Qətər məzlumların yanında dayanır və humanitar yardım edir. Qətərin Türkiyə ilə əməkdaşlığı hər zaman bu istiqamətdə olub. Biz bir NATO ölkəsiyik və müttəfiqlərimizlə birgə hərəkət edirik. Heç vaxt terrorun içində olmadıq. Hər zaman terrorla mübarizə apardıq".