Azərbaycanda hepatitə yoluxanların sayı açıqlanıb

25 İyul 2014 16:22 (UTC+04:00)

Movqe.az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 2010-cu ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olubsa, bu göstərici 2013-cü ildə 524 olub. Bunlardan da 2010-cu ildə Hepatit A 656, B 383, Hepatit C 224 nəfərdə aşkarlanıb.

 

2013-cü ildə isə hər bir tipdə xeyli azalma müşahidə olunub. Belə ki, ümumi aşkarlanmış 524 haldan Hepatit A 150, B 223, Hepatit C 151 nəfərdə aşkarlanıb.

 

Qeyd olunub ki, Azərbaycanda bu xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində ölkədə əhəmiyyətli addımlar atılır. Səhiyyə naziri Oqtay Şirəliyev Hepatit virusuna yoluxmuş xəstələrin diaqnozlarının müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə əmr imzalayıb. Həmin əmrə əsasən Səhiyyə Nazirliyində "Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya" yaradılıb. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib. Respublikanın şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.

 

Hazırda həmin komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günüdür. İnsanın xroniki xəstəliyə məruz qaldığı hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyası 2010-cu ildə qəbul etdiyi qərara əsasən hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağırıb və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilib. Həmin gün, qlobal ictimai səhiyyə problemi kimi, hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.