Uşaqlar internetdən qorunacaq
25 İyul 2014 17:20 (UTC+04:00)
Uşaqların internet və mobil telefon vasitələrindən
təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər
hazırlanacaq. Movqe.az-ın RYTN-ə
istinadla verdiyi məlumata görə, təkliflərin hazırlanmasında
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi iştirak
edəcəklər. Bu tədbir prezident İlham
Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli
Fəaliyyət Planı"nda yer alıb. Sərəncama əsasən, Daxili İşlər
Nazirliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin
aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə
yetirilməsini təmin, Nazirlər Kabineti isə bu sərəncamdan irəli
gələn məsələləri həll etməlidir.
Fəaliyyət Planında şəxsiyyətin və cəmiyyətin insan
alverinin bütün formalarından qorunması, insan alverinin
səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən
edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin
qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz
qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin
edilməsi; vəzifələrin "yalnız zəruri məlumatlara malik olma"
prinsipinə əsaslanmaqla icra edilməsi öz əksini
tapıb. Eyni zamanda, sənəddə insan
alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri, insan
alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi,
insan alveri cinayətlərinə qarşı cinayət təqibi, İnsan alveri
qurbanlarının reabilitasiyası və reinteqrasiyası, insan alverinin
qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən
yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi, insan alveri
qurbanlarının müdafiəsi Milli Fəaliyyət Planı iştirakçılarının
fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və
resursların əlaqələndirilməsi, insan alverinə qarşı mübarizə
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, insan alverinə qarşı
mübarizə ilə bağlı maarifləndirmə, Milli Fəaliyyət Planının
maliyyələşdirilməsi kimi təbdirlər yer alıb.