Girovlar üçün Putinə müraciət (FOTO)

25 İyul 2014 17:35 (UTC+04:00)

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciətlər ediblər. Bu barədə ANS PRESS-ə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D. Əsgərovla Ş. Quliyevin girovluqdan azad olunması xahiş edilib. Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib. Pasportlarının surətindən aydın olur ki, onlar Rusiya vətəndaşıdırlar. Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfirliyi D.Əsgərovun Rusiya vətəndaşı olmadığı haqqında bəyanat yaymışdı.