İndi də regionlarda tikinti bumu başlanır

26 İyul 2014 08:54 (UTC+04:00)

Son zamanlar Bakıda, xüsusən də onun mərkəzi rayonlarında tikinti prosesinin həcmi əvvəlki illərlə müqayisədə azalıb. Bir neçə il öncəyə qədər isə Bakıda yaşayış binalarının və digər tikililərin tikintisi daha geniş vüsət almışdı. Hazırda isə əsas tikinti işləri Bakı ətrafı ərazilərdə və regionlarda gedir. 2008-ci ildə Bakıda 733,168 min kvadratmetr yaşayış evi tikilib. Əvvəlki ilə nisbətən paytaxtda mənzil tikintisi 2008-ci ildə 46,3 faiz artıb. Lakin həmin ilin sonunda böhranın baş verməsi paytaxtda tikinti bumuna ciddi zərbə endirib. Nəticədə 2009-cu ildə yaşayış sahələrinin tikintisi 31 faiz azalaraq 507,47 min kvadratmetrə enib. Paytaxtda yaşayış evlərinin tikintisinin azalmasını Bakının respublika üzrə ümumi tikintidəki payının azalması da təsdiqləyir. 2008-ci ildə ölkə üzrə istifadəyə verilən evlərin 40 faizi paytaxtın payına düşüb. 2012-ci ildə yaşayış evlərinin 25 faizi, 2013-cü ildə isə 17,42 faizi paytaxtda istifadəyə verilib. Əvəzində regionlarda tikilən evlərin sayı artıb və bu proses hələ də davam edir.

Əmlak Bazarı İştirakçıları İçtimai Birliyinin sədri Ramil Osmanovun fikrincə, tikintinin hazırda regionlarda daha geniş yayılması tədricən də olsa buralarda da inkişafın getməsi ilə bağlıdır: "Bildiyiniz kimi, hazırda tədricən regionlarda da inkişaf gedir. Yerli əhalinin də iqtisadi səviyyəsi nisbətən qalxır. Eyni zamanda, kənardan da regionlara axın var. Mövsümü də olsa bu axın müəyyən qədər özünü göstərir". Həmsöhbətimiz düşünür ki, Bakı ərazisində tikintinin azalması isə burada yerlərin artıq tutulması və nəticədə tikinti işləri üçün əlavə xərclərin yaranmasının nəticəsidir: "Bakının mərkəzinə və ümumiyyətlə, bütövlükdə şəhərə gəldikdə, burada tikinti prosesinin məhdudlaşması xərclərlə bağlıdlr. Paytaxtın mərkəzi hissələrində bilirsiniz ki, artıq boş torpaq sahəsi yoxdur. Yalnız köhnə yaşayış massivlərinin söküntüsü hesabına mərkəzdə tikinti aparmaq mümkündür. Amma bu da böyük xərc tələb edən məsələdir. Bu baxımdan da tikinti şirkətləri, sahibkarlar ora maraq göstərmir. Onlar daha çox kompleks layihələrə üstünlük verir, şəhərətrafı ərazilərə maraq göstərirlər. Lakin bütün bunlarla yanaşı, tikinti tempinin tədricən aşağı düşməsi prosesi də gedir. Bu da indiki halda tələbin aşağı olması, eyni zamanda, qiymətlərin optimallaşdırılmaması ilə əlaqədardır. Yəni faktiki olaraq, indiki halda tikinti şirkətlərinin qiymət siyasəti o qədər də mütərəqqi sayıla bilməz. Onlar havadan götürülmə qiymətlərlə işləyir. Bəzi hallarda tikinti şirkətləri kənar xərclər hesabına, maya dəyərinin artımı ilə üzləşirlər. Bütövlükdə bu proseslər tələblə təklifdən asılı olan məsələdir. Yəni sırf iqtisadi məsələdir. Tələbat böyük olsa da, indiki halda tələb yoxdur, çünki, o formalaşa bilmir. İnsanların alıcılıq qabiliyyəti, mövcud iqtisadi vəziyyət tikintidə hökm sürən indiki qiymətlərə adekvat deyil".

YAP Siyasi Şurasının üzvü, ixtisasca iqtisadçı olan Aydın Hüseynov bildirdi ki,Bakıya nisbətən regionlarda tikintinin həcminin artması regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramların uğurlu alınmasının nəticəsidir: "Hazırda bölgələrdə tikinti işlərinin paytaxtla müqayisədə daha intensiv olması birinci növbərə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının olmasından qaynaqlanır. Artıq bu istiqamətdə üç proqram qəbul olunub. Regionların inkişafına yönəlik ilk iki proqram çox uğurla həyata keçdi. Artıq üçüncü proqram da müvəffəqiyyətlə davam edir. Bu proqramların tərkib hissəsi olaraq regionlarda uğurlu infrastruktur layihələri həyata keçirildi, böyük sənaye kompleksləri formalaşdı. Yol, enerji, nəqliyyat məsələləri regionlar üzrə də öz həllini tapıb. Xüsusən də yol infrastrukturu, enerji təminatının yüksək səviyyədə olması, digər sosial məişət, mədəni obyektlərin yenilənərək müasir formada fəaliyyətə başlaması artıq yerli sakinlər və sahibkarların özləri tərəfindən də maraqla qarşılanıb. Bütün bunlar nəticəsində artıq regionlar da geniş həcmdə sahibkarların maraq dairəsinə düşüb. Yəni regionlara sahibkarların diqqətinin çoxalması, eyni zamanda, dövlət dəstəyinin olmasının nəticəsidir ki, indi bölgələrdə də böyük tikinti, quruculuq işləri reallaşdırılır. Xüsusən də regionlarda tikinti sektorunun canlandığını söyləmək olar. Bununla insanların regionlara marağının artdığını, paytaxta nisbətən bura daha çox maraq göstərdiyini demək olar. Bu hal hazırda regionlarda da yaşayış üçün bütün komfort şəraitin mövcudluğundan xəbər verir".