İlkin Məmmədzadə: "Elə sual qoyulmuşdu ki..."

25 İyul 2014 19:00 (UTC+04:00)

Paytaxtdan kənarda, cəbhə bölgəsinə yaxın bir ərazidə yaşasa da, ali məktəblərə qəbul imtahanlarında Bakının mərkəzində yerləşən təhsil müəssisələrinin məzunlarından heç də pis nəticə göstərmədi. Bu uğuru bir daha təsdiqlədi ki, bilik qazanmaq, yaxşı nəticələrə imza atmaq üçün əsas şərt çalışmaqdır.  Beləliklə Movqe.az-ın bu dəfəki həmsöhbəti IV ixtisas qrupunda 700 bal toplayan, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu  İlkin Məmmədzadədir.


-İlkin səni təbrik edirəm. Özün belə bir nəticə əldə edəcəyinə inanırdınmı? 

-Sınaq imtahanlarında 680, 685 bal toplayırdım. Amma açığı inanmırdım ki, 700 bal toplaya bilirəm. Çox çalışırdım, buna nail oldum.

- Bu uğuruna görə özünü kimə borclu sayırsan?

-Əlbəttə mənim üzərimdə əziyyəti keçən bütün müəllimlərimə.

-İlkin repetitor yanına getmədən səncə belə yüksək nəticə əldə etmək mümkündürmü?

-Mən orta məktəbdə yaxşı oxumuşam. Amma, repetitor yanına da getmişəm.

-İxtisas seçimi üçün nə fikirləşirsən? Hansı ixtisası seçəcəksən?

-İxtisas seçimimdə tibbi ixtisaslara üstünlük verəcəyəm. 

-Həkim olmaq uşaqlıq arzundur?

-Deyərdim ki,bəli. Arzum xaricdə mükəmməl tibbi təhsilə yiyələnərək cərrah olmaqdır.

-Bəs niyə məhz bu peşə?

-İnsalara yardım etmək, onlara şəfa vermək xoş niyyətdir. Məhz bu səbəbdən həkim peşəsini şərəfli bir peşə sayıram.  

-Ali təhsilini xaricdə davam etdirmək niyyətin varmı?

-Əslində mən ilk ali təhsilimi də xaricdə almaq istəyirəm. Bunun üçün dövlət xəti ilə xaricdə təhsil proqramına müraciət edəcəm. 

-Bəs xaricdə işləmək necə, gələcək planlarında varmı?

-Yox, mən yaxşı mütəxəssis kimi yetişib Azərbaycanda çalışmaq istəyirəm. Arzumdur ki, Ağdam işğaldan azad olunsun, mən də Ağdam rayon xəstəxanasında həkim kimi çalışım.

-İlkin, maraqlıdır, bir gənc kimi bu nəticəyə imza atmaq üçün nələri qurban verdin?

-Bəzi əyləncələrdən özümü məhrum etdim. Qarşıma bir məqsəd qoymuşdum. Yüksək nəticə göstərmək. 

-Bəs imtahanda elə sual oldu ki, cavab verməyə çətinlik çəkdin?

-Kimya fənnindən belə sualla qarşılaşdım. Elə sual qoyulmuşdu ki, onun düzgün cavabını xeyli fikirləşməli oldum. Amma çox düşündükdən sonra düz cavabı yazdım. 

-Yəqin ki, öz kəndinizdə səninlə fəxr edirlər. Evinizə təbrik üçün gələnlər çox oldumu?

-Bilirsiniz, mənim atam işi ilə əlaqədar Bakıda yaşayır. Mən kənddə babamla nənəmin yanında qalıb oxumuşam. Ona görə də həm kənddə evimizə, həm də Bakıda təbrik üçün gələnlər oldu. 

-İlkinin ən çox sevdiyi məşğuliyyət növü nədir?

-Mən futbolu çox sevirəm. Amma bu dünya çempionatı imtahan vaxtına təsadüf etdiyindən bütün oyunlara baxa bilmədim. Amma buna görə peşiman da deyiləm. Çünki, özümü bəzi şeylərdən məhrum etməyimin nəticəsi oldu.