Azərbaycanda yeni gəmilər inşa edilir
26 İyul 2014 18:00 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2013-cü il
tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının
dəniz təhlükəsizliyi strateqiyası"na əsasən Dövlət Sərhəd
Xidmətinə həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər
dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün
təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrinin
gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Movqe.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına
görə, qurumun Sahil Mühafizəsinin Bakı şəhərinin Türkan qəsəbəsində
yerləşən bazasında yeni inşa olunmuş "Gəmi inşası zavodu"nun
xidməti istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq həmin
zavodun imkanları hesabına DSX Sahil Mühafizəsi üçün 2 ədəd
itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi
gəmilərinin inşası başa çatıb. Müasir naviqasiya və
rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunmuş, Xəzər
dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə
bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib.
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət
sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması,
karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun
təhlükəsizliyinin təmin olunması istiqamətində xidməti vəzifələrin
icrası zamanı yeni gəmilərin imkanlarından geniş istifadə
olunacaqdır.
Hazırda 100 nəfərədək mütəxəssisin işlə təmin olunduğu "Gəmi inşası
zavodu"nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına
başlanılıb.Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil
Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və
nəticə etibarı ilə sərhəd sularında dövləti maraqların qorunması
imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail
olunacaqdır.