"Azərbaycan Fələstinə sabit və prinsipial dəstək göstərir"
26 İyul 2014 20:00 (UTC+04:00)
"Azərbaycan hökumətı və xalqı Fələstin xalqına həmişə sabit və
prinsipial dəstək göstərir. Fələstin də hər zaman Azərbaycanın
ərazi bütövlüyünü təmin etməsi üçün həmişə sabit olaraq
Azərbaycanın yanında olacaq".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Fələstinin
Azərbaycandakı səfiri Nasir Ədbül Kərim Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) Beynəlxalq Qüds Günü ilə bağlı keçirilən
konfransda deyib.
Səfir Fələstin və Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirən bu
tədbirin təşkilinə görə təşəkkürünü bildirib: "Bu tədbir Fələstin
xalqına dəstəyi ifadə etmək və məzlum Qəzzada zalım İsrail işğalçı
qüvvələrinin əli ilə Fələstin xalqının məruz qaldığı vəhşi
hücumları və qırğınları pisləmək üçün təşkil olunub".
O, qeyd edib ki, bu gün Qəzza, Fələstin qan ağlayır: "Fələstin
İsrailin terrorçu qüvvələri əlində yanaraq kül olur. Eyni zamanda,
Fələstin qəhrəmancasına müqavimət göstərir. Fələstin birləşdirici
rol oynayan bir torpaqdır, bu, Səlahəddin Eyyubinin torpağıdır,
peyğəmbərlərin torpağıdır, müsəlmanların ilk torpağıdır".
N.Ə.Kərim İsrailin Qəzzada törətdiyi əməllər nəticəsində çoxlu
sayda insanın qətlə yetirildiyini deyib: "İsrailin qatil texnikası
Qəzzada Fələstin xalqına qarşı böyük qətllər, dağıntılar törədir.
İsrailin Qəzzada törətdikləri bu günədək 808 vətəndaşın şəhid
olmasına, 5345 insanın yaralanmasına, 3100 bina, mənzil və məscidin
dağılmasına, 140 mindən artıq fələstinlinin dar coğrafi məkanda
məcburi köçkünlüyünə gətirib çıxarıb. Düşmən mənzilləri sakinlərin
iftar süfrəsi ətrafına toplaşdıqları vaxt dağıdır. BMT və
beynəlxalq yardım cəmiyyətlərinin açıqlamalarına görə, Fələstin
qurbanlarının 80%-i qadın, qoca və uşaqlardır. Uşaqlar ümumilikdə
qurbanların 1/3-ni təşkil edir".
Səfir deyib ki, bu gün Fələstin bütövlükdə mühasirədədir: "Qəzzada
yaşayışın əsas tələblərindən olan içməli su, elektrik və
kanalizasiya xətləri dağıdılıb, məhv edilib, bu səbəbdən bura
insanların yaşaması üçün yararlı olmayan məhbəsə çevrilib. İsrail
bütövlükdə Fələstin xalqına qarşı müharibə aparır. Lakin qəribədir,
bəzi böyük qüvvələr işğalçı dövlətin - İsrailin özünümüdafiə haqqı
barədə danışmaqla bizə qarşı çıxırlar".
O, həmçinin bildirib ki, Fələstin bütün İslam ümmətinin dəstəyinə
çox güvənir, ümmətin imkanlarına və qüdrətinə arxalanır.