TQDK hərbi liseylərə qəbul imtahanı keçirəcək

27 İyul 2014 00:00 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

Movqe.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- "İmtahana buraxılış vərəqəsi"ni.
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.