Bütün Windows-lar birləşəcək
27 İyul 2014 18:01 (UTC+04:00)
ABŞ-ın Microsoft korporasiyasının icraçı direktoru Satya Nadella
gələcəkdə Windows əməliyyat sisteminin bütün əsas versiyalarının
bir universal əməliyyat sistemində birləşdirilməsinin nəzərdə
tutulmasını təsdiqləyib. Bu məlumatı korporasiya direktoru maliyyə
nəticələrini açıqlayan zaman bəyan edib.
Movqe.az ANS PRESS -ə istinadən bildirir ki, Microsoft
əvvəllər əməliyyat sistemlərinin unifikasiya edilməsi istiqamətində
müəyyən addımlar atsa da, bunlar əsasən Windows-un birləşdirilməsi
ilə əlaqədar bəzi məqamlara aid olub. Bu dəfə isə S.Nadella hazırda
mobil qurğular, kompüter və Xbox oyun konsolunda quraşdırılan bütün
əməliyyat sistemlərinin bir-birindən fərqlənməsini tam aradan
qaldırmağı planlaşdırır.
Söhbət bütün ekranlarla işləyə biləcək əməliyyat sistemindən gedir.
Biz Windows-un növbəti versiyasında əvvəllər buraxılan bütün
əməliyyat sistemlərinin imkanlarını bir araya gətirəcəyik, -
S.Nadella vurğulayıb.
Bundan başqa, Microsoft korporasiyasında ümumi arxitektura üzərində
çalışacaq vahid tərtibatçılar heyəti yaradılacaq. Bu, əməliyyat
sisteminin genişlənməsinə imkan verəcək və universal Windows
əlavələrin yaradılmasına gətirib çıxaracaq.
Növbəti Windows 9 əməliyyat sisteminin Microsoft-un məhsulunun
hazırkı versiyasından daha universal olacağı gözlənilir.