Eynəkdən qurtulmaq olar
27 İyul 2014 19:00 (UTC+04:00)
ABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan
insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa
imkan verəcək displey prototipi hazırlayıblar. Texnologiyanın
mahiyyəti hər piksellə şüalandırılan işığın dəyişməsində və onun
birbaşa gözün tor qişasına plastik filtrdəki kiçik dəlik vasitəsilə
ötürülməsindədir. Şüalar buynuz qişaya çatanda göz üçün dəqiq
təsvir yaradılır.
Movqe.az ANS PRESS -ə istinadən bildirir ki, alqoritmlər əvvəlcədən
gözün ekranda təsviri necə korlamasını müəyyənləşdirə bilir və onu
insan gözünün itiliyinə uyğun korrektə edir. Yeni texnologiya
Massaçusets Texnoloji İnstitutu (MIT) və Microsoft korporasiyasının
tədqiqatçıları ilə birgə ərsəyə gətirilib. Alimlərin yeni
texnologiya ilə bağlı məruzəni avqustda Vankuverdə (Kanada)
keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyi gözlənilir.
Texnologiya eynək və kontakt linzalar vasitəsilə aradan
qaldırılması mümkün olmayan fiziki qüsurla əlaqədar ağır
xəstəliklərə tutulmuş insanlara kömək edəcək. Məsələn, bu
xəstəliklər sırasına gözün işıq şüalarının qeyri-bərabər sınması
ilə bağlı sferik aberrasiyasını aid etmək olar.
Alimlər Canon rəqəmli kamerası ilə yeni displeyi uğurla sınaqdan
keçiriblər. Kameranın fokus məsafəsi məxsusi olaraq elə qurulub ki,
gözün uzağı pis görmə kimi müxtəlif problemlərini imitasiya etmək
mümkün olsun. Növbəti addım insanların real dünyada istifadə
edəcəkləri yeni prototip yaratmaqdan ibarətdir. Buna isə bir neçə
il lazım olacaq. Odur ki, texnologiyanın kommersiya tətbiqinə hələ
çox var.