Apokalipsis Yerdən yan keçib

27 İyul 2014 20:03 (UTC+04:00)
Apokalipsis möcüzə sayəsində Yerdən yan keçib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, NASA mütəxəssisləri təsdiq edirlər ki, 2012-ci ildə möcüzə sayəsində qəza Yer kürəsindən yan ötüb. 2012-ci il iyulun 23-də Günəşdən çıxan iki plazma buludu Yerin lap yaxınlığından keçib. Əgər bu hadisə bir neçə həftə əvvəl baş versəydi, bu buludlar Yerə çatardı və "super Günəş qasırğası" planetin sakinləri üçün dəhşətli nəticələr verərdi.

Həmçinin koronal kütlə tullantısı adlandırılan bu hadisənin texniki nəticələri çox dəhşətli olardı. Belə ki, bu buludun yaratdığı maqnit sahəsi Yerdəki bütün elektron kommunikasiyaları iflic edib sıradan çıxarar və Amerika ekspertlərinin əmin etdikləri kimi, sivilizasiyanı bir neçə əsr geri atardı.

Günəş qasırğası ticarət, nəqliyyat, kənd təsərrüfatı, ərzaq və yanacaq anbarları, su təchizatı, səhiyyə, milli təhlükəsizlik və bəşəriyyətin varlığı üçün dağıdıcı nəticələr verə bilərdi.

ABŞ Milli Elmlər Akademiyasının hesablamalarına görə, qasırğa dünya iqtisadiyyatına iki trilyon dollardan baha – ABŞ-ın tarixində ən dağıdıcı "Katrina" qasırğasından sonra çəkilən xərclərdən 20 dəfə artıq qiymətə başa gələrdi, bütün dünyaya dəymiş ziyanın aradan qaldırılmasına isə illərlə vaxt lazım olardı.

Ekstremal Günəş qasırğası hər yerdə elektrik nasoslarından tutmuş su qurğularınadək bütün elektrik avadanlıqlarını sıradan çıxarardı.

Belə bir güclü Günəş qasırğası baş versəydi, Yerə ən əvvəl atmosferin yuxarı təbəqələrini ionlaşdıran ultrabənövşəyi şüalar və rentgen şüaları çatardı və dərhal radio, naviqasiya sistemləri sıradan çıxardı. Bir saatdan sonra isə peyklərin elektron sistemlərini məhv edən elektronlar və protonlar Yerə gəlib çatardı. Ertəsi gün koronal kütlə tullantısından çox böyük maqnitləşmiş plazma buludu Yerə yaxınlaşardı və o zaman elektriklə işləyən nə varsa, hər şey sıradan çıxardı.
Fiziklər 2012-ci il fenomenini "Kerrinqton hadisəsi" ilə - 1859-cu ilin sentyabrında baş vermiş və bütün mərhələlərini qeydə almış İngiltərə fiziki Riçard Kerrinqtonun soyadı ilə adlandırılmış Günəş qasırğası ilə müqayisə edirlər. O zaman geomaqnit qasırğası bütün Avropada və Şimali Amerikada teleqraf sistemlərini sıradan çıxarmışdı, dünyanın hər yerində, hətta Karib üzərində şimal şölələri müşahidə olunmuşdu.

2014-cü ilin fevralında "Predictive Science Inc." intellektual mərkəzinin fiziki Pit Rayli "Space Weather" nəşrində "Fövqəladə kosmik hava şəraitinin yaranması ehtimalı haqqında" sərlövhəli məqalə dərc etmişdir. O, son yarım əsrdə baş vermiş Günəş qasırğalarının tezliyini təhlil etmiş və bunun əsasında növbəti on ildə Yer üzündə eyni qüvvəyə malik qasırğanın baş verməsi ehtimalının 12 faiz olduğunu bildirmişdir ki, bu da planetlərarası hadisələr üçün son dərəcə yüksək göstəricidir.