Azərbaycanda zəlzələ təhlükəsi ilə bağlı daha bir xəbərdarlıq

10 İyul 2012 08:35 (UTC+04:00)

Son dövrlər ölkə gündəmini məşğul edən əsas məsələlərdən biri də respublikanın müxtəlif bölgələrində baş verən zəlzələlərdir. Ümumiyyətlə, seysmoloqların son araşdırmalarına görə, Azərbaycan ərazisinin 60 faizə qədərini fövqəladə təhlükəli 8-9 ballıq intensivlik ilə səciyyələnən seysmik zonalar təşkil edir.

Azərbaycan əhalisinin 4,5 milyondan çoxu həmin ərazilərdə yaşayır. Azərbaycanda son güclü zəlzələ Zaqatalada 7 bal gücündə olub. "Həmin zəlzələnin rayonun infrastruktur layihələrinə xeyli ziyan vurmasına baxmayaraq, xöşbəxtlikdən, insan tələfatı olmayıb.

Lakin görünən odur ki, zəlzələlər bundan sonra da səngiyənə oxşamır. Bunu ABŞ alimlərinin yeni araşdırmaları da təsdiq edir. Belə ki, Amerikanın aparıcı mütəxəssisləri dünyanın zəlzələ xəritəsini hazırlayıblar. Şimali Kaliforniya Zəlzələ Mərkəzi tərəfindən hazırlanmış həmin xəritədə son 114 ildə meydana gəlmiş 4 baldan yüksək yeraltı təkanların hamısı qeyd edilib. İndiyə qədər baş vermiş 203186 zəlzələ hadisəsi əsasında hazırlanmış xəritədə bir çox ərazilər göstərilib. Layihənin rəhbəri Con Nelson bununla bağlı deyib ki, xəritəni hazırlayan zaman NASA-nın hazırladığı hesabatları da nəzərə alıblar.

Ən riskli bölgələr sırasında isə Sakit Okean ərazisi birinci olub. "Atəş çəmbəri" adı verilən həmin ərazilərdə baş verən zəlzələlərin sayının çoxluğu belə bir qənaətə gəlməyə əsas verib ki, bu bölgədə yaxın zamanlarda həddindən artıq güclü bir zəlzələ qeydə alınacaq.

"Tia" portalı xəbər verir ki, amerikalıların hazırladığı zəlzələ xəritəsində Azərbaycanın da adı salınıb. Bunun başlıca səbəbi isə son 114 ildə ölkəmizdə qeydə alınmış yeraltı təkanların sayının çoxluğudur. Xatırladaq ki, bu günlərdə ABŞ-ın nüfuzlu Massaçusets Texnoloji İnstitutunun (MİT) alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğu barədə xəbərdarlıq ediblər. MİT-in məlumat xidməti xəttilə "Journal of Natural Hazards" mətbu nəşrində yayılmış məqalədə Azərbaycanda tarixən dəfələrlə güclü zəlzələlərin baş verdiyi qeyd olunur. Bu sırada 1859 ildə Azərbaycanın mərkəzi regionu olan Şamaxıda baş vermiş dağıdıcı zəlzələ ayrıca qeyd olunur. Vurğulanır ki, zəlzələ nəticəsində o dövrdə Azərbaycanın paytaxtı olmuş Şamaxı şəhəri tamamilə yerlə yeksan olduğundan, paytaxt Xəzərin sahilində yerləşən Bakı şəhərinə köçürülüb. Bir neçə gün öncə yenidən bu mövzuya qayıdan Massaçusets Texnoloji İnstitutunun alimləri dediklərinin tam reallığa söykəndiyini bildiriblər. Söhbət yenə "Journal of Natural Hazards"da İnstitutunun Azərbaycan seysmoloqları ilə birlikdə Qafqaz və Xəzər sahillərində yer qabığında apardıqları araşdırmaların nəticələrinə dair məqalədən gedir.

Araşdırmanın həmmüəllifi, elmlər doktoru Mayk Floyd 10 ildən artıq Bakı və ətraf rayonlarda apardıqları geoloji müşahidənin başlıca nəticələrini yenidən izah edib: "Journal of Natural Hazards"da dərc olunan məqalə geniş araşdırma-hesabatın qısaca xülasəsidir, tövsiyə edərdim ki, mövzu ilə maraqlananlar və fikir yürüdənlər bizim tədqiqatın əsli ilə tanış olsunlar. Əsas mesaj odur ki, biz Kiçik Qafqaz dağlarının şimal kənarı ilə Abşeron yarımadasına qədər ətraf region arasında yer səthinin hərəkət dərəcəsində dinamik fərq müşahidə edirik və əslində bu, müxtəlif səbəblərlə, məsələn, dağ silsiləsində paralel sıxılmalar, Xəzər dənizi sahili boyunca baş verən yerdəyişmələr və yaxud da ikisinin kombinasiyası ilə izah oluna bilər. Ancaq yerin bu cür differensial hərəkətləməni necə həzm etməsinə dair alimlər arasında vahid yanaşma yoxdur və əslində nəinki qüsurlu yer strukturlarından konkret hansının bu mərhələdə aktiv olması, hətta onların mövcudluğuna dair elmi fikir ayrılıqları mövcuddur. Bu, deməyə imkan verir ki, konkret hansı ərazidə təhlil aparıb nəticə çıxarmaq üçün əlimizdə kifayət qədər bilgi yoxdur və bu, əlavə araşdırma üçün səbəb olaraq qalır.

Elm adamları olaraq biz sadəcə olaraq, diqqəti potensial problemlərə çəkməyə, sənaye və dövlət strukturlarını mümkün təhlükəyə daha asan cavab verə bilmək üçün əməkdaşlığa, əlavə tədqiqata cəlb etmək ümidi ilə sübutlar təqdim etməyə çalışırıq. Çünki zəlzələ təhlükələrinə qarşı ən yaxşı mübarizə hazırlıqdan keçir, bu isə hər bir fərdin, hökumət və sənayenin məsuliyyətində olan bir işdir. Araşdırmamızın mesajı da məhz elə bundan ibarətdir: Biz Abşeron yarımadası və Kürboyu regionlarda zəlzələlərin potensialı barədə əlavə tədqiqat və ümumi məlumatlandırmaya bir növ, çağırış edirik. Əlbəttə ki, Azərbaycan dağları və seysmik aktivliyi ilə zəlzələlərin baş verdiyi ölkə olaraq tanınır.

Şübhəsiz ki, insanlar bizim araşdırmaya münasibət bildirməkdə sərbəstdirlər, ancaq potensial təbii fəlakət anında biz faktlardan imtina edib panikə yol açmaqdansa, ümumi məlumatlandırmanı və hazırlığı vacib sayırıq. Ola bilsin ki, araşdırmamız Azərbaycan insanlarına potensial zəlzələ anında bəhrələnmək üçün yeni heç nə demir. Ancaq məsələn, 2000-ci ilin noyabr ayında Bakı yaxınlığında baş vermiş zəlzələlər hələ də yaddaşlardadır. Zəlzələlər bu regionda hər zaman mümkündür, ancaq gələcək təkanların konkret ünvanı və vaxtı barədə hər hansı gözlənti irəli sürmək, təxminlər hazırlamaq mümkünsüzdür".