Bakı ermənilərin yuxusunu ərşə çəkdi

29 İyul 2014 14:14 (UTC+04:00)
Paris Bakıya silah satacaq? Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu mövzu Ermənistanın mətbu orqanlarının əsas mövzularından biri olub.
Qəzetin yazdığına görə, Fransanın silah satışı haqqında məlumat öyrənmək çox çətindir. Yaxşı ki, bu sahə açıq deyil. Çox saylı mənbələrdən bəlli olub ki, bu ilin may ayında Bakıya səfəri zamanı Fransa prezidenti Fransua Olland ölkəsinin istehsal etdiyi havadan müdafiə sistemlərini Bakının əldə etməsinə çalışıb.

Olland azərbaycanlı həmkarı İlham Əliyevə bu sistemin Xəzərdəki neft yataqlarının etibarlı müdafiəsini təmin edəcəyini deyib.

Erməni qəzetlərinin özləri qeyd edirlər ki, bu silah hücum xarakterli yox, daha çox müdafiə üçündür. Bəs onda bizim qonşularımızı narahat edən nədir. Demə çox şey...

Birincisi, nə üçünsə Bakıya silah satmaq olmaz. Qondarma soyqırımın yaxınlaşan dumanlı yubileyi ilə bağlı. Silahla soyqırımın nə əlaqəsi var? Məntiqsizdir.

İkincisi, nəşr xüsusi olaraq qeyd edir ki, Fransa Minsk qrupunun həmsədr ölkələrindəndir və tərəflərin sərhəddində baş verən hər şeyə görə məsuliyyət daşıyır.

Onda erməni ordusu hansı silahla təhciz edilib? Düzdür, Rusiya silahları ilə. Bu ölkə də həmsədr ölkələrdəndir. Nə üçün birinə olar, digərinə yox?

Xatırladaq ki, hələ Qarabağ münaqişəsi zamanı Moskva İrəvana nəinki silahla, eləcə də hərbi hissələrlə kömək edib. Buna misal olaraq isə Xocalıda soyqırım törədən 366-cı motoatıcı alayı göstərmək olar.

Bundan əlavə Rusiya bu günə kimi Ermənistana lazımı hərbi texnikanı verir. Ya pulsuz, ya da çox aşağı qiymətlə. Buna baxmayaraq hətta Ermənistan prezidenti Serj Sarkisyan da bir müddət öncə Moskvanı Azərbaycana silah satışı ilə bağlı kəskin tənqid etmişdi.

Qeyd edək ki, Bakı Rusiyadan lazımı silahı kommersiya qiymətinə uyğun alır ki, bu da Moskvanın İrəvana böyük hədiyyələri ilə bağlı iqtisadiyyatına dəyən ziyanı qismən bərpa edir.

Fransa NATO üzvüdür, ABŞ-ın yaxın tərəfdaşıdır. Və əgər bu ölkə həqiqətən də bizə silah satmaq istəyirsə, bu ancaq bir mənaya gələ bilər - dünyada, xüsusilə qərbdə anlamağa başlayırlar ki, Bakı heç kimə hücum etmək haqqında düşünmür. Azərbaycan təcavüzkar ölkə deyil.

Azərbaycan ancaq bir şey istəyir - kobud desək, qonşu ermənilər tərəfindən zəbt edilən, işğal altında olan torpaqlarını geri qaytarmaq.