"Ermənilər artıq öz müqəddəratını təyin edib"
29 İyul 2014 17:06 (UTC+04:00)
İtaliyalı jurnalist Dağlıq Qarabağdan yazıb. Movqe.az Azertac-a
istinadən xəbər verir ki , "l'opinione" xəbər saytında daha öncə
ermənipərəst "Qarabağ üçün İtaliya təşəbbüsü" tədqiqat qrupu
tərəfindən hazırlanan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxta
faktların yer aldığı məqaləyə cavab olaraq həmin saytda italiyalı
jurnalist Romulus Martelloninin "Dağlıq Qarabağ və həqiqi faktlar"
sərlövhəli yazısı yerləşdirilib.
Jurnalist bildirir ki, onun əvvəllər də dərc edilən yazıları real
faktlar və obyektiv məlumatlara əsaslanıb. "Mən daha əvvəllər də
Dağlıq Qarabağ problemi ilə bağlı yazdığım bütün məqalələri
Azərbaycan tərəfinin məlumatları əsasında deyil, beynəlxalq
təşkilatların sənədləri, hamının bildiyi və qəbul etdiyi real
faktlar əsasında hazırlamışam. Həmişə bu münaqişənin səbəblərini
obyektiv araşdırmağa çalışmışam".
Erməni yönümlü tədqiqat qrupunun nümayəndələrinə cavab olaraq
müəllif yazır: "Diqqətinizi mühüm beynəlxalq təşkilatların müvafiq
məsələ ilə bağlı bəyan etdiyi həqiqətlərə yönəltmək istərdim. Bütün
beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan ərazisi kimi göstərilir. Münaqişə nəticəsində
bir milyon azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının, Avropa Şurasının, Avropa Şurası Parlament
Assambleyasının sənədlərini, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin birgə bəyanatlarını mən özüm əldə edərək reallığın
şahidi olmuşam. Xocalı hadisələrinə gəldikdə isə bu barədə də
Azərbaycan mənbələrindən istifadə etməyə ehtiyac yoxdur. Erməni
qüvvələri tərəfindən Xocalı soyqırımı törədildikdən sonra "Human
Rights Watch" təşkilatının hesabatında, "The Herald", "The New York
Times" və digər məşhur qəzetlərdə bu faciə ilə bağlı ətraflı
məlumatlar yer alıb. Nüfuzlu "Reuters" agentliyinin fotomüxbiri
tərəfindən Xocalı soyqırımına dair çəkilən şəkillər, digər mətbu
orqanların məqalələri və lentə alınan videolar, saysız hesabsız
məqalələr bu soyqırımı haqqında ətraflı məlumat almağa kifayət
edir. Xocalı faciəsinin ABŞ-ın bir neçə ştatı, Kanada, Meksika,
Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çex
Respublikası və İordaniya parlamentləri tərəfindən artıq soyqırımı
kimi tanınmasına dair sənədlər qəbul edilib".
R.Martelloni bildirir ki, Azərbaycan ilə bağlı tənqidi məqamlar
səslənən zaman bu ölkədə müstəqil medianın fəaliyyət göstərdiyini,
internetdən istifadənin tam azad olduğunu, KİV-lərin sayının
getdikcə artdığını unutmaq lazım deyil. "Nə üçün 1999-cu ildə
Ermənistan parlamentinin sessiyası zamanı bu ölkənin baş naziri və
bir sıra siyasətçilərin öldürülməsi faktı qeyd edilmir?! 2008-ci
ildə isə Ermənistanda parlament seçkilərinə etiraz olaraq nümayişə
çıxan 10 nəfər öldürülüb. Bütün bu hadisələr məhz Ermənistanda baş
verib, Azərbaycanda deyil", - deyə o vurğulayır.
Müəllif qeyd edir ki, ermənilər artıq öz müqəddəratını təyin edib
və beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
"Erməni xalqının öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə
isə artıq 1991-ci ildə Ermənistan dövləti yaratmaqla siz öz
müqəddəratınızı təyin etmisiniz. Beynəlxalq birlik Dağlıq Qarabağı
və ətraf yeddi rayonu Azərbaycan ərazisi kimi tanıyır. Beynəlxalq
hüququn bu prinsipinə hörmətlə yanaşmaq peşəkar jurnalist kimi
mənim borcumdur".