Pullu çimərliklərdə qiymətlərdən narazılıq artır

30 İyul 2014 11:07 (UTC+04:00)

Tətildə paytaxtdan kənara çıxa bilməyən vətəndaşlar isti havadan yaxa qurtarmaq, bir az da olsa sərinləmək üçün çimərliklərə üz tuturlar. Lakin bu da hamıya nəsib olmur. Səbəb isə artıq demək olar ki, pulsuz çimərlik tapmağın getdikcə müşkülə çevrilməsidir. Xəzər sahilinin əksər çimərlikləri özəlləşdirilib və ya pulludur. Bu yerlərə giriş üçün belə pul tələb olunur. Hələ təklif olunan xidmətlərdən danışmırıq. Bu səbəbdəndir ki, belə çimərliklərdə qiymətlərlə bağlı narazılıq səngimək bilmir. Pulsuz çimərliyə üz tutan da da antisanitariya vəziyyəti insanları burdan uzaq salır. 

Azad İstehlakçılar Birliyinin Eyyub Hüseynov məsələ ilə bağlı Movqe.az-a münasibət bildirib. Qurum sədri pulsuz çimərliklərin sayının azalmasında insanların öz günahının olduğu bildirib: "Mən hesab edirəm ki, pulsuz çimərliklərin ləğv olunmasında əhalinin özünün böyük günahı var. Pullu çimərliklərdə təmizlik, rahatlıq təmin olunur. Pulsuz çimərliyə gedəndə isə qarpız qabıqlarının, zibillərin əlindən tərpənmək olmur. Əgər əhali təmizlik mədəniyyətinə əməl edib öz tullantılaının yığışdırsa, pulsuz çimərliklərə tələbat artar. O zaman onların sayı da artar. Təəssüf ki, belə antisanitariyadansa, əhali pullu çimərliyə gedir.  

Qiymətlərə gəlincə isə, bundan naarzılıq var.  Dünyanın heç bir inkişaf etmiş ölkəsində çimərliyə girişə görə pul tələb olunmur.  Bizdəki vəziyyətlə bağlı isə, gərək İqtisadiyyat və Sənaye  Nazirliyi və Vergilər Nazirliyi bu işə ciddi nəzarət etsin". 

İqtisadçı ekspert Natiq Cəfərli çimərliklərin bələdiyyələrin nəzdinə verilməsinin tərəfdarıdır. O, Movqe.az-a açıqlamasında bildirib: "Azərbaycanda çimərliklərin pullu olmasıyla bağlı bir neçə dəfə məsələ qaldırılıb və problemin həlli yolları kimi pulsuz çimərliklərin sayını artırmaq üçün müəyyən addımları atılması tövsiyə olunur. Dünyanın bir çox ölkələrində çimərliklər pulsuzdur və bələdiyyələrin nəzdindədir. Yalnız sahildə yerləşən otellerin öz çimərliklərinə giriş üçün vəsait tələb olunması təcrübəsi var. 

Azərbaycanda əvvəllər dənizə 150 metrdən, qanunvericilikdəki son dəyişiklikdən sonra isə, 20 metrdən yaxın heç bir obyekt tikilə bilməz. Amma bu qanuna baxmayaraq, çox təəssüf ki, Xəzər sahili boyunca bu qanunun dəfələrlə pozulmasının, hətta sahil boyu xüsusi evlərin tikilməsinin də şahidi oluruq. Bu da insanların çimərliyə çıxışını həddindən artıq çətinləşdirir. Bakıda, Bakı ətrafında və ya bölgələrdəki turizm yerlərində hər hansı bir otel öz vəsaiti hesabına sahil zonasını  yaxşı hala gətirirsə, ora investisiya qoyursa, təmizliyə riayət edirsə, həmin yerlərə giriş üçün ödəniş tələb etməsi başadüşüləndir. Amma insanların qarşısında seçim qoyulmalıdır ki, onun yaxınlığında da bələdiyyələrə aid olan çimərliklər olsun. Hansı ki, bu çimərliklərə çox cüzi haqla giriş mümkün olsun. Dünya təcrübəsində belədir. Girişdə  toplanan vəsait də ancaq oranın təmiz saxlanılmasına, zibilliklərin yığışdırılmasına, sahil boyu insaların təhlükəsizliyin təmin olunmasına xərclənir. Azərbaycan da gec-tez bu modelə qayıdacaq. Lakin nə qədər tez qayıdarsa, bir o qədər qədər bələdiyyələrin statusu yüksələr.

Həmçinin, bələdiyyələrin insanlar tərəfindən daim nəzarətdə olması, onların gördüyü işlər barədə insanların birbaşa fikir demək imkanının olması sonunda bu problemin həllinə gətirib çıxaracaq. Əgər köklü, qalıcı həll istəyiriksə, hər il bu problemin qalxmasını istəmiriksə, digər ölkəlrin praktikasından istifadə etməliyik. Dövlətin inzibati yollarla bu işə qarışması heç də yaxşı nəticələr verməz. Bu, korrupsiya hallarının çoxalmasına gıtirib çıxarar. Ona görə də, qalıcı həll üçün mütləq başqa ölkələrin təcrübəsinə əsaslanmaq, nəzarəti bələdiyyələrə vermək və bələdiyyələrin işinə ciddi vətəndaş nəzarətinin təmin olunmasına şərait yaratmaq lazımdır".