İmtahandan keçən müəllimlərə şad xəbər

30 İyul 2014 13:06 (UTC+04:00)
Bu gündən test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazanan müəllimlər üçün müsahibələr təşkil olunmasına başlanılacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Movqe.az-ın məlumatına görə, müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının "Müəllimlərin işə qəbulu" səhifəsində yerləşdiriləcək. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 1-dən 15-ə qədər həyata keçirilib. Ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.  İyulun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsi – test imtahanlar başlayıb və bir həftə davam edib. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilib.Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib.