Yük maşınlarından yollara tökülən daş-qalaq

30 İyul 2014 15:56 (UTC+04:00)

Yük maşınlarının yollar üçün yaratdığı problemlər tükənmək bilmir. Vaxtaşırı gündəmə gətirilən məsələlərdən biri də ağır yük maşınlarının hərəkəti nəticəsində  yollara dəyən ziyandır. Bir sıra  hallarda maşınlar o qədər yüklənir ki, daşıqdıqları yüklərdən hissələr yollara dağılır. Xüsusən də qum, daş,  çınqıl kimi tikinti materialları daşıyan maşınlar yolları daha çox çirkləndirir. 

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov bildirir ki, bu halların baş verməsinə səbəb bəzi sürücülərin yükdaşıma qaydalarına əməl etməməsidir: "Maşınlar göstərilən qaydada yüklənməlidirlər ki, yolda hərəkət zamanı yük dağılmasın və yollar çirklənməsin. Yükləmə qaydasında edilməyibsə, avtomobil sürücüləri müvafiq qaydada cəzalandırılmalıdırlar".

Hüquqşünas Ərşad Hüseynov bildirir ki, bu hallara görə, konkret qanunvericiliklə məsuliyyət nəzərdə tutulur: "Yol hərəkəti haqda qanunun 57-ci maddəsinə əsasən, yükdaşıma qaydalarına görə, avtomobil yükü elə yerləşdirilməlidir ki, dağılmasın, ətrafı çirkləndirməsin və toz qaldırmasın. Həmin qaydaların pozulmasına görə də, hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.  Əgər toz qalxarsa, məslən, daş yerə düşərsə, yəni, yüngül hallarda 40 manat miqdarında cərimə nəzərdə tutulur. Yox, əgər vəziyyət daha ağırdırsa,  yük tökülüb asfaltı korlayıbsa, o zaman  fiziki şəxslər üçün 100 manatdan 200 manata qədər, hüquqi şəxslər üçün isə, 1500-2000 manat arası cərimə nəzərdə tutulur. Başqa bir halda isə yola tökülən yükə görə, qəza baş verə bilər. Bu zaman cərimə ilə bərabər, dəymiş xəsarətin xərcləri də toplanır. 

Problem ondadır ki, vəziyyətin hələ də yolarda müşahidə olunmasına səbəb nəzarətin ciddi aparılmamasıdır. Bu sahəyə məsul olan Nəqliyyat Nazirliyinin tərkibində Yollara Nəzarət Xidməti və Dövlət Yol Polisidir.

 Əgər cərimələr mütəmadi olaraq tətbiq edilsə, o zaman sürücülər daha diqqətli olacaqlar. Lakin bütün hallarda günahkar sürücü olmur. Bəzən yükdaşıma şirkətləri özləri sürücüləri buna vadar edir ki, normadan çox yük aparsın. Bu da yolda onların dağılmasına səbəb ola bilir. Bu zaman sürücü yox, şirkət cəzalandırılmalıdır".