ABŞ-ın dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı xarici ölkələrdəki diplomatlarına xüsusi tapşırıq verib. Bu barədə ABŞ-ın İrəvandakı səfiri Con Hefferin məlumat verib: "Con Kerri bizə Qarabağ münaqişəsinin həllində sülh yolunu axtarıb tapmağı tapşırıb".
Azərbaycanın istəyi münaqişənin beynəlxalq prinsiplər əsasında həllinə nail olmaqdır. Beynəlxalq prinsiplər isə dövlətlərin ərazi bütövlüyünü xüsusi önəm verir. Bu mənada, Minsk qrupu həmsədr ölkələrin münaqişənin ərazi bütövlüyü çərçivəsində real olaraq həllinə dorğu istiqamətlənmiş hər bir addımı ölkəmiz tərəfindən alqışlanılır.
Bütün hallarda maraqlıdır, ABŞ-ın bu diplomatik fəallığı Dağlıq Qarabağ münaqişəsinin həllinə nə vəd edir?
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev hələlik ABŞ rəsmiləri tərəfindən Qarabağla bağlı səslənən fikirlərin sözlərdən ibarət olduğunu dedi: "Münaqişənin həllinə nə vəd etməyindən hələ danışmayaq. İndiyə qədər məsələ ilə bağlı həmsədrlərin fəallığı və ya qeyri-fəallığı barədə gedən informasiyalar fonunda belə bir fikir formalaşıb, ABŞ həmsədrlərdən birinin guya fəallığı şəraitində istəyir ki, Vaşinqtonun da bu situasiyaya qarışmaq imkanlarını ortaya qoya və fəallıq göstərə biləcəyini nəzərə çatdırsın. Kerrinin diplomatlara Qarabağla bağlı tapşırıq verməsi informasiyasını da həmin o təhlillərdən çıxarılan nəticələrə uyğun bir informasiya kimi qiymətləndirirəm. Hələlik bunlar sözlərdir, amma sözlərdə hansısa bir nümayiş elementi vardır. Hələlik bunları həmin məsələyə dair sözlərdən ibarət hesab edirəm. Konkret bu məsələnin real proseslərə təsiri barədə danışmaq çətindir. Çünki, hazırda ABŞ-ın başı onlar üçün daha mühüm başqa məsələlərə qarışıb".
Politoloq Qabil Hüseynli isə bu qənaətəddir
ki, Vaşinqtonun Qarabağla bağlı mövqeyində mühüm dönüş əlamətləri
hiss olunmaqdadır: "Zənnimcə, ABŞ-ın Dağlıq Qarabağla bağlı
mövqeyində ciddi dönüş var. Düzdür, bu dönüş Azərbaycanı tam qane
edən dönüş deyil. Amma hər halda Amerikanın əvvəlki mövqeyi ilə
müqayisədə xeyli dərəcədə fərqli bir dönüşdür. ABŞ dövlət katibinin
diplomatlara xitabən söylədiyi fikirlər Rusiyanın Qafqazlardakı
təsirini azaltmaq marağından irəli gəlir. Vaşinqtonun Avropa
Birliyi ilə birgə Rusiyaya qarşı ümumi bir strategiyası var. Bu
strategiyaya bütün bölgələrdə Rusiyanı sıxışdırmaq, onun təsir
dairəsini azaltmaq konsepsiyasından ibarətdir. Həmin konsepsiyaya
uyğun olaraq həm Ermənistanı Rusiyanın təsirindən çıxarmaq, həm də
İrəvanla Bakı arasında sülh yaratma prosesini üzərinə götürmək üçün
Amerika xeyli fəallaşıb. Əvvəlki illərdən fərqli olaraq o,
Azərbaycana daha cazibədar görünə biləcək təkliflər edir. Bununla
eyni zamanda, nümayiş etdirmək istəyir ki, Moskva Cənubi Qafqazda
mövqelərini qoruyub saxlaya bilməyəcək. Burada mövqe uğrunda
mübarizədə ABŞ öz təsir dairəsini genişləndirmək istəyir. Hər şey
buna hesablanıb. Çünki, Cənubi Qafqazda Amerikanın strateji
marağına toxunan ciddi səbəblər var. Söhbət Bakı-Tiflis-Ceyhan neft
kəməri, Avropanın qaz təchizatını həyata keçirəcək "Nabukko"
layihəsinin yenidən canlandırılması və gələcəkdə Türkmənistan
qazının da Azərbaycan qazına qoşaraq, Avropanın Rusiyanın satdığı
mavi yanacaqdan tam azad edilməsi xəttinin həyata keçirilməsindən
ibarətdir. Yəni Cənubi Qafqazın, xüsusən də Azərbaycanın strateji
əhəmiyyəti dünya miqyasında, o cümlədən ABŞ-ın özündə ölçüyə gəlməz
dərəcədə artır və Rusiya ilə dartışma prosesində onlar ölkəmizin
geosiyasi üstünlüklərindən yararlanmaq niyyətindədirlər".