Son 6 ayın statistik rəqəmlərinə görə, Azərbaycanda banklara borcu olan əhalinin sayı 2.1 milyonu keçib. Halbuki, bu rəqəm ilin əvvəlində 2 milyona yaxın idi. Baş verən artımı Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) 2014-cü ilin birinci yarısının yekunlarına aid məlumatları da təsdiq edir. Məlumata görə, hesabat dövrü ərzində reyestrdən 41 bank və 31 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Dövr ərzində kredit götürənlərin sayı 2 138 886, kredit məlumatlarının sayı isə 7 738 882, cəmi zaminlərin sayı isə 989 278 olub. Bu da bir borcalana orta hesabla 3,6 kredit məlumatının düşdüyünü göstərir. Kredit götürənlərin sayında isə bu il ərzində təxminən 200 minə yaxın artım var. İqtisadçı-ekspertlər artımın səbəbləri və yol aça biləcəyi fəsadlar barədə Movqe.az-a danışıblar.
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, banklardan götürülən
kreditlərin artmasına səbəb tələbatın artmasıdır. İqtisadçı
bankların öz vəsaitlərini daha çox real sektorun maliyyələşməsinə
yatırmalarını məqsədəuyğun sayır: "Son 6 ayda kreditə tələbatın
artması müşahidə olunur. Baxmayaraq ki, banklar kreditlərin
verilməsi ilə bağlı qaydaları müəyyən qədər məhdudlaşdırmışdılar,
amma bu da effektli olmadı. Kredit almaq üçün müraciət edən kifayət
qədər insan var. Məsələ ondadır ki, bu gün Azərbaycanın
kommersiya bankları daha çox istehlak kreditləşməsində
maraqlıdırlar, nəinki iri layihələrə vəsait yatırmağa. Ölkə
Prezidenti də son müşavirədə qeyd etdi ki, kommersiya banklarının
sektor maliyyələşdirilməsi və real sektora daha çox vəsait
yatırmasına ehtiyac var. Amma bütün bunlara rəğmən, reallıq bundan
ibarətdir ki, yenə də istehlak kreditləşməsi kommersiya banklarının
əsas kredit növlərindən biri olaraq qalmaqdadır. Kommersiya
bankları qısa müddətdə daha çox gəlir əldə etmək məqsədilə bu
kreditləri verirlər. Kredit alan, banka borclu insanların artması
heç də arzuolunan deyil. Prraktiki olaraq bu gün Azərbaycanda hər 5
nəfərdən 4-nün banka kredit borcu var. Problemli kreditlərin
sayının 1 milyarda çatdığı bir şəraitdə, bu artım paralel olaraq
problemli kreditlərə də təsir göstərəcək.
Ölkə Prezidentinin də bildirdiyi kimi, yaxşı olardı ki, kommersiya bankları birbaşa iqtisadiyyatın maliyyələşməsini, iqtisadiyyatın resurslarının inkişafını təmin edəcək kreditləşmə həyata keçirsinlər. Nə qədər ki, kommersiya bankları real sektorun maliyyə mənbələrindən birinə çevrilməyib, qısa müddətdə daha çox əlir əldə etməyə can atırsa, o qədər kredit alan, banka borclanan vətəndaşların sayında artım müşahidə edəcəyik".
İqtisadçı ekspert
Oqtay Haqverdiyev isə bunları deyib: "Vəziyyət elə həddə çatıb ki,
insanların aldıqları əmək haqqı, təqaüd onların dolanışıqdan əlavə,
digər ehtiyacını tam ödəməyə çatmır. Ehtiyac onları banklara üz
tutmağa vadar edir. Bu səbəbdən də banklardan götürülən kreditlərin
sayı getdikcə artır. Bankların strukturuna baxanda da görürük ki,
istehlak kreditləri xüsusi çəkiyə malikdir. Əgər banklar özəl
sektorun böyük layihələr həyata keçirməsi üçün irihəcmli
kreditlər versəydi, onda demək olardı ki, iqtisadiyyatda
inkişaf var, kreditlər daha az faizlidir. Amma indki halda istehlak
kreditlərinin artması tələbatın göstəricisidir. Bu, problemli
kreditlərin artmasına da birbaşa təsir göstərir. Onsuz da banklarda
kifayət qədər ödənilməyən borclar var. Əgər bankın problemli kredit
faizi 5%-dən çoxdursa, bu, bankın çökməsinə səbəb ola
bilər.
10%-ə çatanda sistem müflis olur. Azərbaycanda bəzi banklarda bu rəqəm 1-2%, bəzilərində 5%-dən yuxarı, hətta 10-15%-dir. Onlar müflis olmaq təhlükəsindədirlər. Fəaliyyətlərini davam etdirsələr də, zərərlə işləyirlər".
İqtisadçı hesab edir ki, Azərbaycanda bankların sayı çoxdur: "Əgər bu məsələyə obyektiv yanaşılsa, Azərbaycan iqtisadiyyatı üçün 15-17 bank olmalıdır, 44 bank yox. Mərkəzi Bank bu məsələ ilə bağlı ciddi işlər görməlidir. Problemli kreditlərdən əlavə, məcmu kapitalını 50 milyona çatdıra bilməyən banklar da var. Bunlara qarşı tədbir görülməlidir".