Qeyri-leqal içki istehsalı davam edir

31 İyul 2014 12:00 (UTC+04:00)

Aparılan araşdırmalar ölkədə spirtli içki istehlakının getdikcə artmaqda olduğunu üzə çıxarır. Bu isə bəzi işbazları hərəkətə gətirir və qeyri-leqal spirtli içki istehsalına rəvac verir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Mövqe.az-a açıqlamasında bu artımı əhalinin tələbatı ilə əlaqələndirir. Qurumun sədri bildirib ki, insanlar keyfiyyətli yox, ucuz məhsula üstünlük verirlər. Bu səbəbdən də qeyri-leqal istehsal olunan mallar getdikcə artır: "Xüsusən İpək Yolu üzərindəki restoranlarda aksizi olmayan qeyri-leqal içkilər satılır. Şadlıq evlərində də bunlara rast gəlmək mümkündür. Bu problemin qarşısını almaq üçün gərək İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi daimi yoxlamalar, monitorinqlər keçirsinlər. Aşkar olunan qeyri-leqal içkilərə görə, həm istehsal sahibi cəzalandırılsın, həm də satışına icazə verdiyi üçün obyekt sahibi". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə vəziyyəti bu cür şərh etdi:  "Azərbaycanda qeyri-leqal biznesin, istehsalatın leqallaşdırılması məsələsi son vaxtlar gündəmi məşğul edən problemlərdən biridir. Ümumiyyətlə, Azərbaycanda spirtli içkilərin, xüsusilə şərabçılığın əsas inkişaf dövrü SSRİ vaxtına təsadüf edirdi. Sonradan iqtisadi münasibətlərin pozulması, SSRİ-nin dağılması ilə əlaqədar olaraq bu sahədə ciddi boşluqlar yarandı. İstehsalatın səviyyəsi kəskin şəkildə azalmışdı. Son dövrlərdə sahibkarların bu sahədə fəaliyyətini artırması, maraq göstərməsi nəticəsində həqiqətən də müəyyən inkişaf göz qabağındadır. Lakin bu inkişaf olduqca, sektor böyüdükcə, təbii ki, burada ümumi sektorun həcmi ilə kölgə iqtisadiyyatı arasında müəyyən düz mütənasiblik yaranır. Spirtli içkilərin istehsalı ilə qeyri-leqallıq arasındakı əlaqə düz mütənasib olduğuna görə biz bugünkü mənzərə ilə qarşılaşmışıq". 

Qarşısını almaq yollarına gəldikdə isə, iqtisadçının sözlərinə görə, bunun həm  obyektiv, həm subyektiv tərəfləri var: "Bu problemi təkcə sahibkarın istəyi ilə, yaxud da ki, təkcə dövlət qurumlarının tələbi ilə həll etmək mümkün deyil.  Ümumiyyətlə, iqtisadiyyatın leqallaşması ilə bağlı belə bir yanaşma ortaya qoymuşuq ki, iqtisadiyyat əgər leqallaşmaya gedirsə, ayrı-ayrı sektorda fəaliyyət göstərən tərəflərin hüquqları pozulmasın deyə, təbii ki, bunun çətin bir proses olduğunu da nəzərə alaraq, müəyyən sektorlar eyni zamanda qanuniləşməyə cəlb olunmalıdır. Bu, o deməkdir ki,  məsələn, spirtli içkilərin istehsalı ilə məşğul olan sahibkarların müəyyən bir qismini məcburi leqal fəaliyyətini təmin edirsənsə və digərlərinə bunu tətbiq etmirsənsə, artıq qeyri-sağlam rəqabət mühiti formalaşır. Bu zaman qanuni işləyən qanunsuz fəaliyyət göstərənlərlə rəqabət apara bilmir. Çünki xərcləri artır o zaman. Nəticədə sahibkar artıq rəqabətdə uduzduğu üçün məcburən fəaliyyətini dayandırır. Bunun ən yaxşı yolu leqallaşmaya gedərkən eyni sektorda fəaliyyət göstərən sahibkarların eyni vaxtda qanuni fəaliyyətə cəlb edilməsi, dövlət qurumları tərəfindən onların hər birinin qarşısına eyni vaxtda tələbin qoyulmasıdır. Əks halda sektorda disbalans yaranar  və bu sektorun inkişafını ləngidən amilə çevrilə bilər. 

Bir məsələ də var ki, sahibkar qanuni fəaliyyət göstərirsə, ondan hansısa digər ödənişləri almaq olmur". 

Rəşad Həsənov hesab edir ki, məsələyə qarşılıqlı, kompleks şəkildə yanaşmaq lazımdır: "Hər iki tərəf məsələnin həll edilməsində maraqlı görsənməlidir. Nəticədə sahibkarın qazancı o olacaq ki, o, rahat biznes həyatı yaşayacaq. Əgər o artıq fəaliyyətini qanuniləşdiribsə, bazarda heç bir sıxıntı çəkmədən azad şəkildə işləyəcək. Eyni zamanda bununla dövlət qurumları da məmur davranışı kodeksinə əməl etmiş olurlar. Həmçinin də, dövlət büdcəsindən planlaşdırılan gəlirlərin yerinə yetirilməsində nəticə əldə etmiş olurlar".