Bayrağı təsr tutan deputatdan açıqlama:

31 İyul 2014 13:28 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ABŞ-da Ağ Evin binası önündə Azərbaycan bayrağını tamamilə tərs tutduğunu əks etdirən foto yayılıb. Fotodakı tarix məlum şəkilin 2010-cü ildə çəkildiyini göstərir. Foto sosial şəbəkələrdə ciddi təpki ilə qarşılanıb. İstifadəçilər bu hərəkətinə görə, millət vəkilini sərt tənqid ediblər.  Məsələ ilə bağlı Editor.az-a açıqlama verən deputat Fazil Mustafa faktı təsdiqləyib. Millət vəkili qeyd edib ki, məlum foto 2010-cü ildə Ağ Evin önündə çəkilib: "Avtobusa gecikdiyimiz bir məqamda dostlar dedi ki, bayrağımızla burada bir şəkil çəkdirək. Sonra kənardan müşahidə edən dostlarımız dedi ki, şəkildə bayraq tərs tutulub. Biz sonradan bayrağı düzəldib yenidən şəkil çəkdirdik. Yəni, orada iki şəkil çəkilib. İndi bu şəkli ona görə yayıblar ki, guya biz bayrağa hörmətsizlik etmişik. Ancaq o biri şəkli yaymayıblar. Bu onu göstərir ki, əməllər niyyətə görədir. Bu hadisə tələskənlikdən baş verən bir səhvdir. Əlbəttə ki, niyyətimzi bayrağı tərs tutmaq olmayıb. Bu təsadüfdən baş verən hadisədir. Biz əksinə bayrağı təbliğ etmək məqsədilə tutmuşuq. Niyyətimiz düz olduğu üçün mən bunu narahat qarşılamıram. Əgər niyyət pis olsaydı üstünə getmək olardı. Bu şəkli ona görə, yerləşdiriblər ki, başqa arqument tapa bilmirlər. Məqsəd bu yolla insanları söydürməkdir. Mən arzu edirəm ki, məni buna görə tənqid edənlər bayrağını ən azı mənim qədər sevsinlər, bu mənə bəsdir".