Rusiyada saytların “qara siyahısı” yaradıla bilər
9 İyul 2012 19:06 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, Rusiya Federasiyasının Dövlət Duması yayılması qadağan olan
informasiyanı özündə birləşdirən domen və saytların vahid
reyestrinin yaradılması haqqında qanun layihəsini ilk oxunuşda
qəbul edib.
Qanun layihəsi hökumətin səlahiyyətli orqanı tərəfindən çıxışı
Rusiya ərazisində qadağan olan saytların reyestrinin aparılmasını
nəzərdə tutur. Reyestrə uşaq pornoqrafiyası, narkotik maddələrin
təbliği, uşaqları özünəqəsdə sövq edən və s. saytlar daxil olacaq.
Siyahıya həm orqan, həm də məhkəmə qərarı əsasında yeni saytlar
əlavə oluna bilər.
"RİA Novosti"-nin məlumatına görə, siyahıya daxil edilməzdən
əvvəl sayt sahibinin qeyri-qanuni kontentin aşkar edilməsi barədə
xəbərdar edilməsi planlaşdırılır. Bir sutka ərzində sayt sahibi
reaksiya verməsə və kontenti pozmasa, bunu hostinq-provayder etməli
olacaq. Həm o tərəf, həm də bu tərəf bunu etməsə, bu halda sayt
"qara siyahı"ya düşəcək.
Səlahiyyətli orqan internetdə müharibənin təbliğ edilməsi və ya
millətlərarası ədavətin qızışdırılması kimi digər qeyri-qanuni
kontenti də nəzarət altında saxlayacaq. Bu vəziyyətdə resurs
reyestrə yalnız məhkəmənin qərarı əsasında daxil ediləcək. İnternet
sahəsinin əksər iştirakçıları əvvəllər kontentin mümkün filtrdən
keçirilməsi ilə bağlı narahatlıqlarını bildirərək ictimai
müzakirənin və qanun layihəsinin tamamlanmasının zəruriliyini bəyan
ediblər.