Şamaxıda üç “SHACMAN” toqquşub, ölən və yaralanan var

31 İyul 2014 17:45 (UTC+04:00)

Bakı-Şamaxı yolunda 4 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus 90-NZ-480 dövlət nömrə nişanlı, "SHACMAN" markalı yük maşını ilə şirkətin digər yük maşını - Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi 90-NZ-481 dövlət nömrə nişanlı, "SHACMAN" markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 1984-cü il təvəllüdlü Cəbrayılov Misirxan Ağarza oğlunun idarə etdiyi 99-DT-878 dövlət nömrə nişanlı, "SHACMAN" markalı maşının yoluna çıxaraq onunla toqquşub. Sonra "SHACMAN" markalı maşınlardan biri yol ilə hərəkət edən 90-CV-982 dövlət nömrə nişanlı, "Honda CRV" markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillərin 4-ü də əzilib. Hadisəni törədən "SHACMAN" markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Honda CRV" markalı avtomobilin sürücüsü - 1963-cü il təvəllüdlü Tərtər rayon sakini İbrahimov Asif Yusif oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.