Bakıda gözəllik guşəsi olacaq
31 İyul 2014 20:17 (UTC+04:00)
"Respublika İncəsənət Gimanaziyasının qəzalı
vəziyyətdə olan yataqxanasının birinci korpusu artıq sökülüb,
ikincisində isə işlər başlayır". Bunu ANS PRESS-ə açıqlamasında
Yasamal Rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri
Şahin Məmmədov deyib.
Ş. Məmmədov İncəsənət Gimnaziyasının sökülən
yataqxanalarının yerində heç bir tikinti olmayacağını
deyib.
"Ölkə prezidentinin iştirakı ilə Azərbaycan Milli
Konservatoriyasının yeni binasının açılışı olub. Həmin bina
Azərbaycan memarlığının bütün çalarlarını özündə əks etdirir. Amma
konsevatoriyaya bitişik və onun nəzdində olan İncəsənət
Gimanaziyasının iki yataqxanası son dərəcə qəzalı vəziyyətdə idi.
Həmin açılışda Konsevatoriyanın rəhbərliyi onların sökülməsi ilə
bağlı ölkə prezidentinə müraciəti edib".
Şöbə müdirinin sözlərinə görə, söküntü işlərindən
sonra həmin ərazidə Hüseyn Cavid prospektinə açılan gözəllik guşəsi
yaradılacaq:
"Yataqxanaların yerində heç bir tikinti olmayacaq.
O yataqxanada şagirdlər qalmırdı. Orada ancaq məcburi köçkünlər və
bir neçə digər bölgələrdən olan insanlar yaşayırdılar. Onlar heç
bir qeydiyyat olmadan orada məskunlaşmışdılar. Məcburi köçkünlər
yeni yaşayış evləri ilə təmin olunublar. Digərləri isə müəyyən
kompensasiya ilə öz yaşayış yerlərini dəyişiblər. Həmin
yataqxanalar Konsevatoriyanın Hüseyn Cavid Prospektinə açılan
hissəsini bağlayırdı. Qəzalı vəziyyətdə olan yataqxanalar
Konsevatoriyanın arxitekturasını görünməz vəziyyətə salmışdı.
Söküntü işlərindən sonra Konsevatoriyanın binası Hüseyn Cavid
Prospektinə açılacaq və bu da o əraziyə yeni görkəm
verəcək".
Qeyd edək ki, 1959-cu ildə yaranan Respublika
İncəsənət Gimnaziyası ilk öncə musiqi məktəbi kimi fəaliyyət
göstərib. Hazırda gimnaziya Milli Konservatoriyanın
nəzdindədir.